İraq parlamentinə keçirilən seçkilərdən iki gün sonra, 12 oktyabr çərşənbə günü iranpərəst şiə müsəlman partiyaları və silahlı qruplar səsvermənin erkən nəticələrini “manipulyasiya” və “saxtakarlıq” adlandıraraq qınayıblar. Moderator.az bu barədə pravda.ru-ya istinadla xəbər verir.
Keçən bazar günü 2003-cü ildə diktator Səddam Hüseynin devrilməsindən bəri müharibə gedən bu ölkədə beşinci parlament seçkiləri keçirilib və səsvermədə seçicilərin fəallığında antirekord (41 faiz) qeydə alınıb. Şiə müsəlman partiyaları son illərdə İraq siyasətində üstünlük təşkil edirlər, lakin bazar günü səsvermənin ilkin nəticələri düşərgədəki güclü qruplar arasında yaranan gərginliyi daha da artırıb.
İraq Seçki Komissiyasının ilkin nəticələrinə görə, şiələrin ruhani lideri Müqtəda əs-Sədrin hərəkatı məclisdəki 329 yerdən 73-nü qazanaraq ən çox səs toplayıb.
İraqda hansı partiyalar itkilər verdi…
Həşd əş-Şaabi (Xalq Səfərbərlik Qüvvələri) kimi tanınan hərbiləşdirilmiş şəbəkəni təşkil edən silahlı qruplarla əlaqəsi olan İranpərəst şiə partiyaları səs itkisinə məruz qalıblar.
Əvvəllər parlamentin ikinci ən böyük bloku olan Fəth İttifaqının 12 yer qazanması (əvvəl 48 idi - red.) müşahidəçilərin fikrincə, onun nüfuzuna ciddi zərbədir.
Fəth İttifaqı da daxil olmaqla, bir neçə şiə partiyasının verdiyi birgə açıqlamada deyilir: “Nəticələrə etiraz edəcəyik və rədd edəcəyik. Səslərin manipulyasiyasının qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəyik”.
“Hizbullah briqadaları” qruplaşması seçkilərin nəticələrindən qəzəbləndi
Xalq Səfərbərlik Qüvvələrinin ən güclü qruplarından olan “Hizbullah briqadaları” seçkiləri “ən böyük fırıldaq və soyğunçuluq” adlandırıb.
“Həşd əş-Şaabi qardaşları əsas hədəflərdir”, - deyə “Hizbullah briqadaları”nın mətbuat katibi Əbu Əli əl-Əsgəri bildirib.
Xalq Səfərbərlik Qüvvələri 2014-cü ildə yaranıb və Suriyada mərkəzi “xilafət” elan edən və İraqın üçdə birindən çoxunu ələ keçirən İŞİD sünni ekstremist qrupunun məğlub edilməsində mühüm rol oynayıb.
O vaxtdan bəri Həşd əş-Şaabi İraq dövlət təhlükəsizlik aparatına inteqrasiya edildi və Xalq Səfərbərlik Qüvvələrindən bir çox nümayəndə 2018-ci ildə parlamentə seçildi. Baş nazir Mustafa əl-Kazımi iki il əvvəl rüşvət, işsizlik və İranın siyasətə təsirinə qarşı çıxan gənclərin liderlik etdiyi etiraz hərəkatını sakitləşdirmək üçün 2022-ci ildə keçirilməli olan seçkiləri indiyə ertələdi.
İraq iri neft istehsalçısıdır, lakin BMT-nin məlumatına görə, 40 milyon əhalisinin təxminən üçdə biri yoxsulluq içində yaşayır. Bu azmış kimi, COVID-19 pandemiyası uzun sürən iqtisadi böhranı daha da ağırlaşdırıb. Xatırladaq ki, iki il əvvəlki nümayişlərdə yüzlərlə iştirakçı öldürüldükdən sonra etiraz hərəkatı dayandırılmışdı. Bir çox fəal qaçırılmış və ya öldürülmüş, bunda isə iranpərəst silahlı qruplarşmalar günahlandırılmışdı.
Miraslan