“Taliban” cinayətkarlar üçün sərt cəza tətbiqi praktikasına qayıtmaq niyyətindədir. Moderator.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin həbsxanalar üzrə naziri Molla Nuruddin Turabi məlumat verib. O, xüsusilə 1996-2001-ci illərdə “Taliban” hakimiyyətinin əvvəlki dövründə olduğu kimi
Nuruddin Turabi Əfqanıstanda yeni hökumətin qanunvericiliyinin müsəlmanların müqəddəs kitabı “Quran”a əsaslanacağını deyib.
“Hər kəs bizi stadionlarda verilən cəzalara görə tənqid edirdi, amma bunun qarşılğında heç nə demirdik. Heç kim bizə qanunlarımızın necə olmasıyla bağlı göstəriş verə bilməz. Biz islamın buyurduqlarını edirik və qanunlarımızı “Quran”a uyğun hazırlayırıq”, - deyə Turabi “The Associated Press” agentliyinə bildirib.
Həbsxanalar üzrə nazir Molla Nuruddin Turabi
Turabiyə görə, cinayət baş verdikdə tətbiq olunan ağır cəzalar təsirli bir maneədir. Hazırda yeni Əfqanıstan hökuməti bunun açıq şəkildə, məsələn, stadionlarda və ya bağlı qapılar arxasında baş verəcəyi məsələsini nəzərdən keçirir. “Əllərin kəsilməsi təhlükəsizliyi təmin etmək baxımından çox vacibdir”, - deyə Turabi düşünür.
Eyni zamanda “Taliban” Turabinin əmin etdiyi kimi, əvvəlki vədlərindən imtina etmək niyyətində deyil - hökumət televiziya yayımını, cib telefonlarını, foto və musiqini qadağan etməyəcək. Onun sözlərinə görə, taliblər “insanların ehtiyacı olduğu üçün qadağan edilə bilməyən” mediatexnoloji vasitələrin köməyi ilə çox şey əldə edə biləcəklərini başa düşürlər. “Biz keçmişlə müqayisədə dəyişmişik”, - deyə o əmin edir.
Nəticədə bu tədbirlərin ictimai xarakteri haqqında qanun qəbul edilsə, insanlara edamların fotoşəklini və videosunu çəkməyə icazə veriləcək.
Turabi 1990-cı illərdə “Taliban”ın ən görkəmli fiqurlarından biri olub. Məmur əslində dini polis qüvvəsi olan Fəzilətin təşviqi və əxlaqsızlığın qarşısının alınması Nazirliyinə rəhbərlik edib. Məsələn, həmin vaxt o, avtomobillərdəki radio-maqnitofonları çıxardır, dövlət idarələrində kişiləri başlarına çalma qoymağa məcbur edir və saqqalsızlara və ya saqqalı lazımi uzunluqda olmayanlara fiziki cəzalar tələb edirdi.
Digər yüksək vəzifəli taliblər kimi, o da BMT-nin sanksiyalar siyahısına daxil edilib. Turabinin hazırda təxminən 60 yaşı var, bir gözü və bir ayağı yoxdur. “Taliban”ın dəyişdiyini desə də, o, 90-cı illərdə Əfqanıstanı idarə edən taliblərin ünvanına söylənilən bütün tənqidləri rədd edir, həmin dövrdə sabitliyə nail olduqlarını əminliklə bildirir. “Ölkənin hər yerində tam təhlükəsizliyi təmin etmişdik”, - deyə Turabi söyləyib.
Avqustun 15-də hakimiyyətə gələn “Taliban” indi cinayətkarları stadionlarda və ya məscidlərdə ictimai edamlara məruz qoymur. Buna baxmayaraq, əfqanlar yeni hökumət tərəfindən repressiyaya məruz qalır. Xarici mətbuatın yazdığına görə, xırda oğurluq kimi cinayətlərə görə silahlılar vətəndaşları mühakimə olunmadan alçaldırlar: boyunlarından asırlar, ağızlarına nəsə soxurlar, paltarlarına və ya dərilərinə “oğru” yazılmış damğa vururlar.
Xatırladaq ki, 2021-ci ildə “Taliban” əyləncə mədəniyyətinin ən azı bir neçə nümayəndəsini - musiqiçi Fəvad Andarabini və Haşa Tsvan ləqəbli komediya ustası Nazar Məhəmmədi edam edib. Onları möhkəm döyərək güllələyiblər. Silahlıların ictimai yerlərdə hicabsız görünən qadınları təhqir etdiyi hallar da var. “Taliban”ın mətbuat katibi Zəbihullah Mücahid hadisələri araşdıracağını vəd edərək bunu təsdiqləsə də, sonradan heç bir qərar açıqlanmadı.
Miraslan