Dekabrın 30-da tanınmış el ağsaqqalı, Kəlbəcərin ən sanballı ziyalılarından hesab olunan, Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü Qənbər Qurbanov haqq dünyasına qovuşdu.
Xatırladaq ki, Dədə Şəmşirin bioloji övladı olmaqla yanaşı onun dumduru bulaqlar kimi çağlayan irsini, tükənməz yaradıcılığını Azərbaycan oxucusuna çatdırmaqda misilsiz xidmətlər göstərmiş Qənbər kişi həm də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atası idi.
Dədə Şəmşir ocağından qor almış Cavid Qurbanov da ara-sıra şeir yazır və hətta bir çox şeirlərinə mahnılar bəstələnib.
Moderator.az C. Qurbanovun atasının yoxluğuna həsr etdiyi "Ay ata" şeirini oxuculara təqdim edir:
Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər - axşam dadasıyam, ay ata.
Biz dost idik, ata oğul ikimiz
El yüküydü, ağır idi yükümüz
Cüt olanda gur çıxardı səsimiz
Tək qalmışam susasıyam, ay ata.
Ataların yaşı olmur övladçün
Atasından qanad alar həyatçün
Çətin olsa məsləhətçün, imdadçün
Baş daşından tutasıyam, ay ata.
Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ata.
Redaksiyadan: Xalq şairi Vahid Əziz Cavid Qurbanovun dünyasını dəyişmiş atasına həsr etdiyi şeirə nəzirə yazaraq Moderator.az-a göndərib:
Şair qardaş, milyon dəfə haqlısan
Mən də duydum, atasızlıq yaman dərd.
Cavid, sən də uca dağlar oğlusan
Dağlar oğlu qayalardan daha sərt.
Bələd oldum məğrur, ərən dünyana
Boylandıqca içindəki tuğyana.
Dədə Şəmşir söykənmişdi Qurbana
Şair Qənbər çoxlarını etdi pərt.
Xoşbəxt o kəs, hökm eləyə nəfsinə
Şərəf, şöhrət qazandıra nəfsinə.
Qardaş, sənə hürənlərin əsli nə?
Xəbərdaram, ya naqisdir, ya namərd
Dövran xarab, ömür sürmək xətadır
Dərdin ağır, itirdiyin atadır.
El adını sevə-sevə anladır
Var-dövlətin qazandığın məhəbbət.
Qənbər deyib, dilə gəldi o daşlar
Ruhu azad Kəlbəcərdə dolaşar.
Bəlkə yazım ona çətin yaraşar
Şad olaram, ala bilsəm bəraət.