Yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda abidəsi ucaldıldı. Abidənin müəllifi, Xalq rəssamı Xanlar Əhmədovdur. Abidə ilə bağlı iki gündür sosial şəbəkələrdə müzakirə olunan suallardan biri də iliyinə-qanına qədər milli olan xeyriyyəçinin abidəsinin sinəsinə çar Rusiyasının verdiyi orden, medalın həkk edilməsi idi...
Mövzu ilə bağlı abidənin müəllifi Xanlar Əhmədov Moderator.az-a danışıb:
“Başa düşən də, düşməyən də uydurma fikrini deyir və özlərini ağıllı zənn edirlər. Abidədə Tağıyevin sinəsinə həkk edilən bu medallar tarixi kitablarda da var. Bunu mən yalandan çəkməmişəm, çünki bu bir həqiqətdir. Həqiqəti danmayacağıq ki? Bu parad formasında çəkilən medallardır. Mənə tarix muzeyindən bu medallar təqdim olunub. Burada nə qəbahət var ki? Əgər rus çarı Tağıyevə medal veribsə, o dövr üçün bu, çox böyük fəxr idi. Mən bilmirəm, axı ona medalları kim verib? Bizim yaratdığımız abidədəki medallar tarixi fotolardan, materialladan götürülüb. Medalı mən verməmişəm. Bu Tağıyevin öz qazandığı medallardır”.
Müsahibimiz hər zaman xalqımızın bu abidənin Azərbaycanda da olmasından bəsh edərək onun yoxluğundan gileyləndiklərini də dilə gətirdi: “Həmişə arzulayırdıq ki, Azərbaycanda da Zeynalabdin Tağıyevin heykəli olsun. Pakistanda var idi, Bakıda yox. Heykəlin bir gün ərzində sındırılmasına gəldikdə isə bu, düzgün hərəkət deyil. Biz dünən səhərə qədər onu düzəltmişik. Təsbeh də yerindədir. Cinayətkarlar da tutulub”.
Xəyalə Rəis