Gəncədə tarixi abidələr böyük təhlükə altına idi. Gəncə qalası "zibil əjdahası" ilə ölüm-dirim savaşından qalib çıxa bildimi? Gəncədə orta əsrlərə aid abidələr yerlə-yeksan olurdu. Bəs, görəsən hazırda real vəziyyət necədir?
Mövzu ilə bağlı “Cavad Xan" Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti Müzadil Həsənov Moderator.az-a açıqlamasında bu mövzu ilə bağlı məsələnin ciddi olduğunu qeyd edib. Onun sözlərinə görə, Nizami Gəncəvinin yaşadığı qədim Gəncə Qalasının problemlərini bir müddət əvvəl qabartdıq, ictimailəşdirdik:
“Ondan sonra müsbət addımlar atıldı, müəyyən tədbirlər görüldü, qoruğun bir hissəsi tullantılardan təmizləndi, lakin problem daha ciddidir. Bu abidələrin qorunması üçün vəsait ayrılmalı, dövlət səviyyəsində proqrama salınmalıdır. Amma, əfsus ki, bu istiqamətdə hələlik köklü bir dəyişiklik yoxdur. Düzdür, indi əvvəlki kimi tarixi abidələrin dağıdılması prosesi baş vermir. Əvvəl Gəncədə tarixi abidələr dağıdılırdı, Cavad xanın dəftərxanası kimi onlarla tarixi tikili yerlə yeksən edildi.
Gəncədəki tarixi abidələrin qorunması Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Dövlət Xidmətinin diqqətindədir. Bildiyiniz kimi bir müddət əvvəl dövlət xidmətinin rəhbərliyi də, xidmətin Gəncə regional idarəsinin rəisi də dəyişib. Onlar bu işlərə daha həssas yanaşırlar, daha diqqətlə mühafizəni həyata keçirirlər. Bundan öncə Gəncədə tarixi abidələr uçurulub dağıdılırdı, mühafizə olunmurdu, indi isə bərpa işləri də olmasa, ən azından mühafizəsi lazımı şəkildə təmin olunur. Qədim Gəncə Qalasının zibillənməsi ilə bağlı problemdə də dövlət xidmətinin işçiləri monitorinq keçirərək müvafiq qaydada məruzələr ediblər. Problemlər hələ də var lakin, əvvəlkinə nisbətən irəliləyiş də var. Ən azından indi bu abidələr dağıdılmır, uçurulmur”.
M.Həsənov vurğulayıb ki, ancaq bununla yanaşı əfsus ki, onların bərpasına lazımı diqqət də ayrılmır:
“Məsələn, Gəncədə “Çökək Hamam” problemi həll olunmayıb. Ora özəl otelin saunası kimi istifadə edilir və məsələ hələ də həllini tapmayıb. 420 yaşa yaxın tarixi olan abidə hazırda otel saunası kimi istifadə edilir. Bu qəbuledilməzdir. Məsələni bir neçə dəfə qaldırsaq da, dövlət xidmətinin əməkdaşları yerində monitorinq aparsalar da, hələki bu qanunsuzluğa qarşı əməli tədbir görülməyib. Qədim yaşayış yerlərində isə ciddi şəkildə arexoloji ekspedisiyalar aparılmalıdır. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Göytəpə kimi qədim yaşayış məskənlərinin həm abadlaşdırılması, həm də arxeloji ekspedisiyaların aparılmasına ciddi ehtiyac var. Tariximiz faktiki olaraq itib batmaq üzrədir. Gördüyünüz kimi ermənilər Qarabağda işğal altında olan torpaqlarımızda saxta tarix yaradırdılar, özləri üçün əldəqayırma “Tiqrankert” icad etmişdilər. Amma biz üzərində gəzdiyimiz tariximizi araşdırıb üzə çıxarmağa o qədər maraqlı görünmürük. Lakin, buna böyük ehtiyac var. Çünki bu Azərbaycanın tarixidir. Qədim türk tayfalarının tarixinin araşdırılmasına, onlara məxsus damğalarla bağlı işin daha ciddi aparılmasına ehtiyac var. Bu iş müəyyən miqyasda həvəskarlar tərəfindən başlanılsa da, arzulanan səviyyədə aparılmır. Ümid edirəm ki, bütün bu işlər dövlət proqramına salınar və böyük miqyasda aparılar”.
Xəyalə Rəis