"Zəfər" mükafatının bloggerlərə verilməsi qazilərimizin narazılığına səbəb olub. Sosial şəbəkələrdə etirazlarını bildirmişdilər: "Bu da bizlərə verilən dəyər. Canımızı, qanımızı, gözümüzün nurunu, əl-ayaqlarımızı verən biz, mükafatı alan bunlar... İlahi ədalət".
Mövzu ilə bağlı Kamil Zeynallı Moderator.az-a danışdı:
“Xalqın gözü tərəzidir. Hər kəs kimin nəyə qadir olduğunu, nəyə layiq olmadığını yaxşı bilir.
Xalq qaziləri sevgisi, hörməti ilə mükafatlandırıb. Mükafatlandırma tədbirlərində 50 mükafat yer var, bizim qazilərimizin sayı isə çoxdur. Onların hamısını çağırıb, mükafat vermək olmur. Qazilərimizə mükafatı xalq sevgisi, dövlət isə həm maddi, həm də mənəvi dəstəyi ilə verib. Hər şeyə bir qulp qoşmayın.
Bloggerlərin aldıqları mükafat bir qurumun öz aralarında keçirdiyi bir tədbirdir, ciddi bir mükafatlandırma deyil. Hər şeyə ciddi yanaşmaq, söz-söhbətə çevirmək də düzgün deyil. Şərt o deyil ki, hər tədbirdə bütün hədiyyələr qazilərimizə verilməlidir. Hərə öz sənəti, peşəsi ilə nələrsə etməyə çalışır. Ola bilsin ki, bu xanımlara mükafatı səhv veriblər. Bloggerlərin xəbərlərinin altından şərh yazan, inciyən qazilərimiz şəhərə çıxıb, insanların onlara reaksiyasının, sevgisinin nə qədər olduğunu görsələr, bu fikirdən daşınarlar. Xalqın sevgisindən böyük mükafatmı var? Qazilərimiz bunu qazanıblar. Qazi qardaşlarımız hər mövzuya fikir bildirməsinlər, aliliklərini, ucalıqlarını göstərsinlər.
Həmin mükafatlandırmaya məni dəvət etmişdilər, şəhid məclisinə getdiyim üçün iştirak etmədim. Mənə Qeyri-Hökümət Təşkilatından iki medal verilmişdi. O xəbərdən sonra aləm dəydi bir-birinə ki, Kamilə niyə mükafat veriblər? Mənə veriləndə də bunu söz-söhbət edirlər. Yəni bu söz-söhbətlər olub və olacaq da, bunun qarşısını ala bilməzlər”.
Xəyalə Rəis