“Artıq biz də cəmiyyətdə “ver yeyim, ört yatım” prinsipini kənara atmağa çalışırıq. Biz tam bərabərhüquqlu cəmiyyət yaratmaq, ağlımız, savadımız, peşəmizlə yerimizi tutmaq istəyirik. Çalışdığımız sahədə sağlam insanlardan heç bir fərqimiz olmadığını göstərməyə çalışırıq”.
Bu sözləri “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri, Boccia İdman Federasiyasının Baş Katibi İlham Məhərrəmov Moderator.az-a Beynəlxalq Əlillər günü ilə bağlı danışarkən bildirib:
“Bu gün Beynəlxalq Əlillər günüdür. Özüm də fiziki məhdudiyyəti olan insanam. Çalışdığım sahə fiziki məhdudiyyəti olan insanlardan ibarətdir. Son 3-4 ilə baxanda fiziki məhdudiyyəti olan insanlara yanaşma, davranış qaydaları, yaradılmış şərait yaxşılığa doğru gedir. Bizim istəklərimiz, fikirlərimiz, təkliflərimiz dövlət səviyyəsində nəzərə alınır, diqqət yetirilir. Amma çox istərdik ki, bu işlər daha sürətlə aparılsın. Çünki bizim ömrümüzdən və günümüzdən gedir.
Ölkədə fiziki məhdudiyyətli insanlara motivasiya verən, onları yenidən cəmiyyətə qaytarmaq uğrunda çalışanlardan biri də mənəm. Cəmiyyətdə fiziki məhdudiyyətli insanlar üçün işlərin görülməsi istiqamətində çalışırıq.
Əvvəllər bəzi fiziki məhdudiyyətli insanlar düşünürdü ki, mən qüsurluyam, kimsə gətirib mənə nəsə verməlidir. Sağlam insanlar düşünürdü ki, əlilliyi olan insandır, ona kömək lazımdır. Artıq biz də cəmiyyətdə “ver yeyim, ört yatım” prinsipini kənara atdıq. Biz tam bərabərhüquqlu cəmiyyət yaratmaq istəyirik. Biz də cəmiyyətdə ağlımız, savadımız, peşəmizlə yerimizi tutmaq istəyirik. Çalışdığımız sahədə sağlam insanlardan heç bir fərqimiz olmadığını göstərməyə çalışırıq”.
Xəyalə Rəis