Artıq son bir neçə həftədir ki, məktəblərdə koronavirusa yolxuma sayı artmaqdadır. Növbəti aydan isə təhsil sisteminin onlayn rejimə keçiriləcəyi söylənilir. Bəs görəsən qardaş ölkə Türkiyə məktəblərində vəziyyət necədir?
Mövzu ilə bağlı Bursa Mudanya Sami Evkuran Anadolu Litseyinin rəhbəri Seyfettin Yıldırım Moderator.az- a danışdı:
“Türkiyədə məktəblər ənənəvi təhsil sistemi ilə fəaliyyət göstərir, məktəblərimiz açıqdır. Şagirdlər arasında gün keçdikcə virusa yoluxma saylarına biz də nəzarət etməyə səy göstəririk. Qeyd edim ki, artıq koronavirus gənclərə də yoluxmağa başlayıb. Onların arasında azyaşlılar da var. Bunun üçün önləyici tədbirlər görməyə çalışırıq. Əgər bir sinifdə hər hansı bir şagird koronavirusa yoluxarsa o şagird məktəbə gəlmir. Belə olduqda məktəbdə təhsil alan digər şagidlərin tempraturu ölçülür. Bir sinifdə virusa yoluxan ikinci bir şagird olarsa həmin sinif 5 günlük tətilə bağlanır. 5 gündən sonra həmin sinifdən ancaq 2 doza peyvənd vurduran şagirdlər gəlir.
Türkiyədə hər yaş qrupundan koronavirusa yoluxanlar var. Mənim rəhbərlik etdiyim məktəbdə də virusa yoluxan şagirdlər var. Onların yaş qrupu 14-18 arasındadır. Bizim məktəbdə olmasa da müəllim həmkarlarımızın uşaqlarının 4-5, hətta 6 yaşında bu virusa yoluxanların olduğunu eşidirik. Ümumi statistik rəqəmlərə görə Türkiyədə bu virusa yoluxanlardan 100- də 30-u gənclərdir.
Onlayn tədris sisteminin faydasının olmadığını qeyd edən Seyfettin Yıldırım bunun sadəcə olaraq çətin zamanlarda idarəedici funksyaya malik olduğunu vuğulayıb: “Onlayn tədris sistemi faydalı deyil. Üz-üzə keçirilən dərslərin keyfiyyətini heç bir sistem verə bilməz. Onlayn tədris sistemində müəllimin belə diqqəti yayınır, nəinki uşaqların. Onlayn tədirs sistemində uşaqlara öyrədilən 100 faizlik təhsilin yalnız 10 faizi mənimsənir. Artıq 2 gündür ümumi vəziyyətdən xəbərdar olmaq üçün Türkiyədə Təhsil Naziriyi 7-8 və 11-12 ci siniflərdə təhsil alan şagirdləri imtahan edir.
Mən onlayn tədrisin tərəfdarı olan həmkarlarıma səslənirəm ki, rolunuzu texnikaya həvalə etməyin. Onlayn dünya, təhsil insanı insanlıqdan çıxarır. Onlayn təhsil telefonun enerjisi bitənə qədərdir. Özünüzü elektron cihazlardan asılı qoymayın. Onlayn təhsil bir alternativ deyil, çətin zamanlarda müvəqqəti istifadə edilən bir çıxış yoludur”.
Xəyalə Rəis