Naxçıvandan Iğdıra gedərkən yolboyu kəndlərə baxır, üç yaşımdan sonra görmədiyim İrəvan torpaqlarının xəyalımdakı görüntüləri ilə birləşdirirdim. Sonsuz zəmilər, uzaqdan vətənin o tayını göstərən dağlar, Azərbaycan bayrağı asılmış mağazalar insana qəribə hisslər yaşadırdı. Bu gün qardaş Türkiyənin Iğdır şəhəri İrəvandan bizə yadigar, oradakı azərbaycanlılar isə məndən bir əsr öncə yurdundan sürgün düşmüş şəxslər idilər. Onlar kim bilir neçənci qaçqınlığı, mən isə sonuncu qaçqınlığı yaşamışdım. Bizdən sonra artıq bir nəfər də türk o torpaqlarda qalmamışdı.
Iğdırda birinci gün şəhəri gəzdim. Vaxtilə Qarsın bir ilçəsi olan Iğdır sərhəd bölgəsi olduğu üçün daha çox kiçik ticarət şəhəridir. Burada Naxçıvandan gələn vətəndaşlarımız həm daimi yaşayır, həm də mütəmadi gəlib-gedirlər. Küçədə gəzərkən həm indiki vətəndaşlarımızın, həm də keçmiş soydaşlarımızın nəvələrinin danışığı insanı öz evində hiss etdirir.
Onsuz da Türkiyə öz evimizdir, amma Iğdır evimizin içidir.
Iğdıra gəlmə səbəbim bir neçə ildir üzərində işlədiyim məzarlıq layihəsi ilə bağlı idi: Azərbaycanda doğulub, önəmli işlər görüb daha sonra Türkiyə ərazilərinə mühacirət edən məşhur azərbaycanlıların həyatını məzarlıqlar üzərindən tədqiq etmək. İstanbul və Ankara qismini bitirdiyim üçün, indi Iğdır, Qars, Amasiya kimi bölgələrdəki mühacir məzarların izində idim. Təbii ki, ilk görmək istədiyim də hamımızın “Qarlı aşırım” romanından, “Axırıncı aşırım” filmindən tanıdığımız Kərbəlayi İsmayılın məzarı idi.
Daşburun kəndi
Iğdırın Qaraqoyunlu ilçəsinin Daşburun kəndi erməni və bolşevik zülmünə, qətliamına görə İrəvandan qaçqın gələn türklərin yerləşdiyi yerdir. Vaxtilə İrəvandan gələn vətəndaşların dediyinə görə, köç 1927-1937-ci illər arasında daha çox olub, İrəvanda dağıdılan 15 kəndin əhalisi buraya yerləşib. Bir qism əhali isə İrana köçüb. Ona görə də istər bu kəndə, istərsə də digər kəndlərə gələn əhalinin doğum yerində Rəvan şəhəri qeyd olunub.
Kənd Iğdırın mərkəzinə 22 km, Qaraqoyunlu ilçə mərkəzinə isə 8 km məsafədədir. 2020-ci ilin statistikasına görə, kənddə 999 nəfər (kişi 516, qadın 483) yaşayır. Kənd Ağrı dağının püskürtdüyü lavaların meydana gətirdiyi qayalıqların ovalıq qisminə doğru ən çox uzandığı çıxıntıya (buruna) görə Daşburun adlandırılıb.
Bu kəndə yerləşən tarixi şəxsiyyətlərdən biri də Sovet hökuməti ilə anlaşmayıb buraya yerləşən Kərbəlayi İsmayıldır.
Kərbəlayi İsmayıl kimdir?
1870-ci illərdə İrəvanın Vedi mahalının Çimənkənd kəndində doğulan Kərbəlayi İsmayıl ermənilər, daha sonra bolşeviklərlə mübarizə aparıb. Daha sonra bir çox irəvanlılar kimi o da Iğdırın Daşburun kəndinə yerləşib, 1934-cü ildə Türkiyədə soyad qanunundan sonra Çimen soyadını qəbul edib. 1948-ci ildə burada vəfat edib, vəsiyyətinə uyğun olaraq yolun kənarında dəfn edilib. 2011-ci ildə məzarına İrəvandan gətirilmiş torpaq səpilib.
Kərbəlayi İsmayıl, Qəmbəralı, Abbasqulu Şadlınski o dövrdə İrəvan və Naxçıvan bölgələrində türkləri erməni zülmünə qarşı xalqı qoruyan şəxslər olublar.
Kərbəlayinin 7 oğlu və Zəhra adlı bir qızının olduğu deyilir. Oğlu Yadulla pusquya salınaraq qətlə yetirilib. İddiaya görə oğlunun nəşini düşmənlərinin əlindən Abbasqulu bəy alıb, buna görə də yaxın dostluğu olub. Bölgədə bolşevik hökuməti qurulduqdan sonra Abbasqulu bəy malını-mülkünü yeni hökumətə versə də, Kərbəlayi İsmayıl buna qarşı çıxıb. Buna görə də Şura hökuməti onun hörmət etdiyi Abbasqulu bəyi Kərbəlayi ilə danışıqlara göndərib. Nəticədə Abbasqulu bəy müəmmalı şəkildə öldürülüb. Artıq “xalq düşməni” elan edilən Kərbəlayi İsmayıl 1936-cı ilin qışında Araz çayını keçərək Iğdırın Aralıq işləçisinin Aşağı Çiftlik kəndinə keçib, bir müddət orada qaldıqdan sonra Daşburuna yerləşib.
Deyilənlərə görə, 1937-ci ildə övladlarını görmək üçün geri dönüb, lakin qızı Zəhra ilə 13 yaşındakı oğlu Həsənin və arvadı Səkinənin Qazaxıstana sürgün edildiyini öyrənib. Digər 6 oğlunun da öldürüldüyü bildirilib. Geri qayıdan Kərbəlayi doğulduğu kəndin torpağından xurcununa dolduraraq vəfat etdikdən sonra məzarına səpilməsini vəsiyyət edib.
Arvadı Səkinə 1962-ci ildə vəfat edib.
Kərbəlayının silahdaşı Qəmbəralı da illər sonra bir məclisdə Şirəli adlı şəxs tərəfindən güllələnib.
Anıt məzar
2008-ci ildə Kərbəlayi İsmayılın məzarı Azərbaycanın Qarsdakı sabiq konsulu Həsən Zeynalov təşəbbüsü ilə bərpa edilib, kiçik abidə qoyulub. Məzarın üzərində belə yazılıb: “Kərbəlayi İsmayılın yaxın silahdaşı Səttaroğlu Musanın oğlundan və nəvələrindən yadigar”. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı abidənin üzərində isə belə yazılıb: “Azərbaycanın Qars Baş konsulu Həsən Sultanoğlu Zeynəlovun təşəbbüsü ilə Səttaroğlu Musanın oğlu Əli və nəvələri tərəfindən tikilmişdir”.
Məzarlığı ziyarət edərkən bir zamanlar Kərbəlayi İsmayılın da ata və babalarının bayrağı olan İrəvan xanlığının bayrağını qaldırdım.
Daşburundan geri qayıdarkən Iğdırın Mələkli qəsəbəsindəki məzarlıqda endim. Məşhur Əli Əkbər Tufanın məzarının bu qəsəbədə olduğunu bilirdim. Lakin yanlış məzarlıqda endiyimi qısa müddətdə anladığım üçün qəsəbənin içindəki köhnə məzarlığa getməyin yolunu axtararkən bir motosikletçiyə rast gəlirəm. Atasının məzarını ziyarət edən bu gənc məni də motosikletin tərkinə alaraq qəsəbəyə doğru yol alır. Yolda isə məni tənbehləyir: Burada “Melekli” yox, “Melehli” deyəcəksən...
P.S. Daşburuna səfər etməyimə kömək edən həmkarım İlhamə Qasımlıya və vasitə ayıran Türkmən bəyə təşəkkür edirəm.(Teleqraf.com)