Onun güclü temperamenti və təxəyyülü var, ən əsası isə bütün dünyada böyük hörmətə malikdir. Ona inanırlar. Onu sevirlər. Adriano Çelentano cəmi beş il təhsil alsa da, özünü komediya aktyoru, müğənni kimi inkişaf etdirdi və heç vaxt təbiətinə, taleyinə xəyanət etmədi...
Moderator.az bildirir ki, bir aktyor, müğənni, komediyaçı və əlbəttə ki, qadınların sevimlisi olmaq onun taleyinə yazılmışdı. Axı, Adriano yanvarın 6-da - İtaliyada zarafat və əyləncələr günündə - dünyaya gəldi. Anasının 44 yaşı və artıq dörd övladı var idi. Taledən belə bir hədiyyə gözləmirdi. Milan kənarındakı fəhlə ailəsi kasıb yaşayırdı, amma uşaq ikən "ayaqyalın zəlzələ" ləqəbini almış çılğın və şən sonbeşik tezliklə hamının sevimlisinə çevrildi.
Atası öldükdə Adriano 12 yaşında məktəbi tərk edərək işə getdi, ailəyə kömək etməli oldu. Əmisinin saat təmiri emalatxanasında işləməklə o, saatları ömrü boyu sevdi. İndi Adriano Çelentanonun İtaliyada bir neçə saat atelyesi var və özu hələ də saat təmir etməyi sevir.
Çox erkən məşhurlaşdı. Şəxsiyyət və zaman anlayışı onun üçün mükəmməl uyğunlaşdı – həmin vaxt kinoda, səhnədə və televiziyada əsl italyan gəncinə, xalqın içindən çıxan üsyankar obraza tələbat vardı. Və o, həyatın qaranlıq tərəflərində belə gülməyi bacaran əsl italyan idi.
1964-cü ildə Çelentano gözəl Klaudiya Mori ilə evlənir. Bu onun ilk və bir ömür boyu davam edəcək evliliyi oldu. Onlar “Qəribə adam” filminin çəkiliş meydançasında tanış oldular. Klaudiya Çelentano ilə ilk görüşün onu qorxutduğunu deyir. Onun sözlərinə görə, filmin çəkiliş meydançasında sadə tərliklərdə səliqəsiz bir adam göründü. Amma... münasibətləri çox sürətlə inkişaf etdi və bir il sonra toyları oldu.
Evlilik həyatının ilk dörd ilində ailənin üç övladı oldu - iki qız, bir oğlan. Klaudiya karyerasını uşaqlar, ər və ailə naminə qurban verdi. Temperamentli cütlük dəfələrlə fırtınalı münaqişə yaşasa da, sonucda həmişə barışıblar. Düzdü, Adriano 12 illik ailə həyatından sonra "İnadkarın ram edilməsi" filmində rol aldığı tərəfmüqabili Ornella Muti ilə münasibət qurdu. Ancaq tezliklə özünə gəldi, tövbə etdi və ailəsinə döndü.
Və Klaudiya sonralar bu haqda belə dedi: “Təsadüfi xəyanət ayrılmaq üçün səbəb deyil. O bağışlanandır. Bir kişi üçün təsadüfi münasibətlər ustanın yeni bir avtomobili texniki baxışdan keçirməsinə bənzəyir".
Adriano anası sağ ikən əsl "ana uşağı" idi və bunu heç vaxt gizlətmirdi. Sənətçinin anası ölənə qədər oğlunun evində yaşadı, nəvələrinə kömək etdi və tam səlahiyyət sahibi idi. "Anam mənim üçün həyatımın böyük bir hissəsi idi və o öldükdə dəhşətlə dünyamın kiçildiyini hiss etdim", - deyə Çelentano bildirir.
Anası öləndən sonra Çelentanonun ailəsi Briantse malikanəsinə köçdü. Bura Milandan
Adriano təəccüblü dərəcədə sadiq və dəyişməzdir. Bəlkə də uğurunun sirri budur. O, dünyaya nə üçün gəldiyini erkən başa düşdü. “Xalqın adamı” – bu, onun heç vaxt xəyanət etmədiyi bir kredodur. Təxminən 60 ildi bir qadınla evlidir. Əsl katolikdir. Saat düzəltməyi, yemək bişirməyi və tennis oynamağı sevən bir vegetariandır.
O, yer üzündə öz cənnətini yaratdı, paparatsilərdən qorunmaq üçün “hasarlandı” və həyat yoldaşı ilə sakit bir ömür sürür. Uşaqlar çoxdan böyüyüblər, hamısının yaşı əllini ötüb. Seçdikləri peşələrdə özlərini tapıblar. Televiziya proqramlarında Çelentanonun qeyri-qanuni övladları peyda olmur. O, qalmaqal və dedi-qodu iştirakçısı deyil. Uzun müddətdir filmlərə çəkilmir və oxumur.
Çox zəngin bir adam böyük bir qonorar qarşılığında Adriano Çelentanonu ad günü tədbirində bir neçə mahnı oxumağa dəvət edir. Çelentano qısa bir teleqramla cavab verir: “Çox zənginəm. Çox qocayam".
Onun güclü temperamenti və təxəyyülü var, ən əsası isə bütün dünyada böyük hörmətə malikdir. Ona inanırlar. Onu sevirlər. Adriano Çelentano cəmi beş il təhsil alsa da, özünü komediya aktyoru, müğənni kimi inkişaf etdirdi və heç vaxt təbiətinə, taleyinə xəyanət etmədi...
Bravo, maestro!!!
Miraslan