Sənətkarların şəxsi əşyalarının və kino lentlərinin qorunduğu Film Fondundan reportaj
Cəmiyyət
3158
18 Jul 2021 | 13:33

Sənətkarların şəxsi əşyalarının və kino lentlərinin qorunduğu Film Fondundan reportaj

“2008-ci ildə möhtərəm prezidentimiz İlham Əliyevin tapşırığı ilə Dövlət Film Fondu üçün yeni, iki korpuslu bina tikildi və bu binada beynəlxalq standartlara uyğun bütün şərait yaradıldı. Film Fondunun fəaliyyət istiqamətləri 5 prinsipdən ibarətdir-filmlərin qorunub saxlanılması, filmlərin bərpa olunması, arxiv faktların toplanıb saxlanılması və bərpasıdır, eyni zamanda beynəlxalq əlaqələrin yaradılmasıdır. Fond daima filmlərin qorunub saxlanılması, bərpası ilə məşğuldur. Eyni zamanda biz müəyyən filmləri axtarıb, tapırıq”.
Bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib. O bildirib ki, son bir ildə 30-a yaxın film bərpa edilərək, tamaşaçılara təqdim olunub. Bəs görəsən illər öncə çəkilən Azərbaycan filmlərinin lentləri necə qorunub saxlanılır? Bu haqda Moderator.az-a Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib.
“Bütün klassik filmlərimiz kino lentinə çəkilib. Bu lentlər kimyəvi tərkibinə görə həssas olduğundan onların qorunub saxlanılması böyük diqqət tələb edir. Dövlət Film Fondunda bu yüksək səviyyədə həyata keçirilir. Hazırda fondda çox yaxşı və müasir bokslar var. Həmin bokslarda 20 mindən çox kino lenti qorunur. Ümumilikdə saxlanma vahidi 75 mindən çoxdur. Bura daxildir, həm Azərbaycan bədii filmləri, həm də Sovet kino prokatında olmuş kino lentindəki bədii filmlər. 50 min saxlama vahidi həcmində də fotoşəkillər vardır. Hansı ki, onlar da artır. Bundan əlavə yeni avadanlıqlar hesabına biz kino lentləri həm də bərpa edə bilirik. Film var rəqəmsal daşıyıcalarda bərpa olunması, bir də var kino lentinin bərpasını həyata keçirmək. Sonra həmin o kino lentinin bərpasının əsasında filmi rəqəmsal daşıyıca köçürürük. Hazırda bizim texnoloji imkanlarımız buna imkan verir. Diqqət etsəniz görərsiniz ki, son illərdə köhnə filmlərimiz daha yüksək keyfiyyətdə tamaşaçılara təqdim olunur. Bir neçə ay ərzində “Bir cənub şəhərində”, “Uzaq sahillərdə”, “Şərikli çörək” filmini bərpa etmişik. Nizami ilinə görə isə “Nizami” filminin bərpasına başlayacağıq. Bu filmi həm də Xalq artisti, filmin rejissoru Eldar Quliyevin xatirəsinə ithaf edəcəyik” - deyə fondun mütəxəsisi bildirib.
 
Rəşad Qasımov həmçinin fonddakı muzey kompleksində və burada saxlanılan eksponatlardan da danışıb.
“Bildiyiniz kimi, kino texnikası müəyyən istismar müddəti başa çatdıqdan sonra onlar muzey ekponatına çevrilir. Dövlət Film Fondunun bütün mərtəbələrində eksponata çevrilmiş əşyalar saxlanılır. Bunlara misal olaraq kino texnikalarını, məsələn səssiz filmlərimizin çəkildiyi ilk kameranı, müxtəlif rejissor, aktyor və bəstəkarların şəxsi əşyalarını misal çəkə bilərik. Biz muzeylə tanış olarkən görürük ki, burada Həsən Seyidbəyli, Mikayıl Mikayılovun, Muxtar Dadaşovun, Leyla Bədirbəylinin, Yusif Şeyxovun və başqalarının şəxsi arxiv fondalarından bizim fonda hədiyyə edilmiş əşyalar saxlanılır. “Bizim Cəbiş müəllim” filmində istifadə olunmuş Cəbiş müəllimin yəni Süleyman Ələsgərovun çantası, Həsən Seyidbəylinin eynəyini, Qəmər Salamzadənin əlyazmalarını göstərə bilərik” - deyə o bildirib.
O ki, qaldı filmlərin bərpa prosesinə. Bu haqda bərpa mütəxəsisi Tamilla Muxtarova açıqlama verəcək.
 
“Biz filmləri montaj otaqlarında bərpa edirik. Köhnə filmlərin içərisində bir az qırıqlar olur. Biz onları yapışdırırıq. Sonra rənginin içərisinə baxa bilirik, onu da düzəldə bilirik. Bakteriya olanda filmlər təmizlənirlər. Daha sonra onları izləyib baxırıq və bir daha əmin oluruq ki, bu film yaxşı görünür. Dövlət film fondunda indiyə qədər 300-dən çox köhnə film bərpa olunub” - deyə Tamilla Muxtarova bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər