18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür. Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Eyni zamanda, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı insan hüquqları pozuntularının qarşısının alınması, pozulmuş hüquqlar və azadlıqların bərpası, habelə maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlı sistemli fəaliyyət göstərir. Bununla yanaşı, hüquq mədəniyyətinin aşılanması, əhalinin həssas qruplarının diqqət mərkəzində saxlanılması da Ombudsman institutunun fəaliyyətində xüsusi yer tutur.
Yeri gəlmişkən, ölkəmizdə hər il Ombudsmanın təşəbbüsü ilə elan olunan "İnsan Hüquqları Aylığı" çərçivəsində müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə respublikanın şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir. Məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdır.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun davam etdirilməsi nəticəsində müasir, demokratik Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir.