“Bizim qəhrəmanımız qazi və şəhidlərimiz olmalıdır
Cəmiyyət
3085
06 May 2021 | 12:32

“Bizim qəhrəmanımız qazi və şəhidlərimiz olmalıdır"

“Dostlarım mütləq gəlib təbrik edəcəklər, ona görə nəzərə alıram ki, pandemiya dövründə çox toplaşmaq olmaz. Kiçik bir ortamda ən əziz dostlarımla birlikdə olacam”
 
Bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən aparıcı Rövşanə Ağasəfqızı deyib:
 
“Təbrikiniz üçün çox sağ olun. Bu gün çalışacam ki, dostlarla çox kiçik bir şəkildə doğum günümü qeyd edim. Dostlarım mütləq gəlib təbrik edəcəklər, ona görə nəzərə alıram ki, pandemiya dövründə çox toplaşmaq olmaz. Kiçik bir ortamda ən əziz dostlarımla birlikdə olacam”.
 
Aparıcı televiziyalarımızdakı vəziyyətdən də danışıb və əsas işimizin Qarabağ və vətən olduğunu bildirib:
 
“Mən həm “Space”-də, həm də “MTV”-də çalışıram. Əsas iş yerim isə “Space” televziyasıdır, orda hər gün canlı efirə çıxıram. Öz adıma deyə bilərəm ki, layihəmin bir günü Qarabağa həsr olunub. Adı da “Günlərdən xarı bülbül”dü. Burda sırf şəhid ailələrinin, qazilərimizin efirə dəvət edilməsi və tanıdılması istiqamətində işlər görürük. Bir sözlə, Qarabağa nə aiddirsə, xüsusən də bizim 44 günlük Vətən savaşımızda imzası keçən hər kəs haqqında çalışırıq ki, süjet hazırlayaq, onları yad edək. Şəhidlərimizin doğum günündə onlardan həbs edirik”. 
 
R.Ağasəfqızı deyib ki, hələ də telekanallarımızın çoxu bu istiqamətdə heç bir iş görmür:
 
“Amma baxıram ki, hələ də televiziyalarda  hərbi verilişlərdən başqa bu istiqamətdə verilişlər çox azdır. Arzu edərdim ki, bu mövzuda verilişlərimizin sayı çox olsun. Vətən savaşı bitsə də, biz dayanmalı deyilik. Biz uşaqlar böyüdürük, gənclik yetişdiririk və təbii ki, o gənclərə qəhrəmanlarımızı tanıtmalıyıq. Həmişə deyirəm ki, sizin qəhrəmanınız bu qazi, şəhid olsun. Daha yetər bu şou əhlinin arxasınca düşdük. Ümumiyyətlə, qəhrəmanlarımız, kumirimiz dəyişməlidir və gəncliyi o istiqamətdə böyütmək lazımdır. Torpaq və mənim uğrumda canından keçən insan qəhrəmanım olmalıdır. Niyə hansısa bir özünü-sözünü bilməyən adam qəhrəmanımız olsun ki? Öz qəhrəmanımı övladıma da aşılamalıyam və burda da televiziyaların çox böyük rolu var. Hesab edirəm ki, bu istiqamətdə televiziyaların çiyninə böyük yük düşür”.
 
Vasif Əlihüseyn
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər