Bu cür xaotik vəziyyətin səbəbkarı kimdir? – Bu məsələ də BNA-nın işi deyilmiş...
Cəmiyyət
5399
05 May 2021 | 16:34

Bu cür xaotik vəziyyətin səbəbkarı kimdir? – Bu məsələ də BNA-nın işi deyilmiş...

Artıq bir ildən çoxdur ki, bütün dünya pandemiya şəraitində yaşayır. Pandemiyaya görə bizim ölkəmizdə də karantin rejimi tətbiq edilib. Əlbəttə ki, bu karantin rejimi həyatımızda müəyyən məhdudiyyətlərə səbəb olub, bir sıra sahələrin fəaliyyəti dayandırılıb. Fəaliyyəti dayandırılan sahələrdən heç bir Bakı şəhər sakinlərinə metro qədər təsir etməyib. Xeyli müddətdir ki, Bakı metrosu işləmir. Bu da insanların hərəkətinə çox ciddi problem yaradır. Bakı Metropoliteni fəaliyyətini niyə bərpa etmir, metrodan istifadəyə nəyə görə qadağa qoyulub? Bu suallar hər kəsi düşündürür. Ancaq bugünkü mövzumuz metro deyil.
Metronun işləməməsi insanları bir yerə gedib-gəlmək üçün alternativ variantılar axtarışına sövq edir. Ədalət naminə deyək ki, Bakı Nəqliyyat Agentliyi metronun fəaliyyət göstərmədiyi dövrdə marşrut xətlərində avtobusların sayının artırılması, marşrut xətləri üzrə avtobuslararası intervalların sərnişin axınına uyğun tənzimlənməsi üçün lazımi tədbirlər görür. Metro stansiyaları arasında hərəkət edən ekspress avtobuslar sıxlığın aradan qaldırılmasına şərait yaratsa da, bu problemi həll etmir. Bu gün nəqliyyat məsələsi Bakı şəhər sakinlərinin ən ciddi problemlərindən biridir. Avtobus dayanacaqlarında olan sıxlıq həm koronavirusa yoluxma riskini artırır, həm də sərnişinlərin ictimai nəqliyyatdan istifadə etməsini çətinləşdirir. Ona görə də Bakı sakinləri ya taksi xidmətlərindən, ya da ki başqa alternativ vasitələrdən istifadə edirlər. Bu alternativ variantlardan biri də ekpress avtobuslarla bərabər metro stansiyaları arasında hərəkət edən mikroavtobuslardır. Həmin mikroavtobusların fəaliyyətinə bir sözümüz yoxdur. Çünki onlar olmasa, şəhərdə daha dəhşətli sərnişin sıxlığı yaranar, insanlar mənzil başına gecikə bilərlər. Ancaq o avtobusların necə, hansı qaydalara uyğun fəaliyyət göstərdiyi ciddi sualdır. Maraqlı məsələlərdən biri də həmin mikroavtobusların sürücülərindən konkret marşrut xətti üzrə hərəkət etdiklərinə görə qeyri-qanuni alınan haqqdır. Adının açıqlanmasını istəməyən sürücü saytımızın əməkdaşı ilə söhbət zamanı bildirib ki, haqqını verməsələr, heç bir gün də işləyə bilməzlər. 
“Bu sahəyə nəzarət edən konkret adamlar vardır. Gün ərzində edilən reysləri sayırlar. Əgər “hörmətini” eləməsək, bizə işləməyə imkan verməzlər. İndi pandemiya dövrüdür. Turizm sektoru demək olar ki, çöküb. Pandemiyadan əvvəl biz bu avtobuslarla turist daşıyırdıq. Bu işi məcburiyyətdən görürük. Yaxşı ki avtomobilimizdən istifadə etməyə şərait yaradıblar. Ancaq bunun müqabilində nəsə almasalar, daha yaxşı olar”, özünü Namiq Zeynalov kimi təqdim edən sürücü belə deyib. 
“Sizdən avtobusunuzla sərnişin daşıdığınıza görə kim, hansı orqan vəsait tələb edir?” sualımıza sürücü konkret cavab verib: “Pandemiya nə vaxt bitəcək bilmirəm. Mən yaşamaq istəyirəm”.
 
Bəs mövcud qanunvericilik bunu necə tənzimləyir? Həmin mikroavtobuslar Bakı şəhəri daxilində konkret marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul ola bilərmi?
Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının qaydaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə tənzimlənir. 
 
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları təyinatına görə növlərə bölünür – şəhərdaxili, şəhərlərarası, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları. Qanuna görə, sərnişin və yük daşımaları üçün istifadə olunan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Həmin avtonəqliyyat vasitəsi yalnız bir dövlətdə qeydiyyata alına bilər. Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunur. Dövlət qeydiyyatına alınmamış avtonəqliyyat vasitəsindən istifadə olunması qadağandır.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə bu fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti lisenziyalaşdırılır. Bu Qanunla müəyyən edilmiş hallar istisna edilməklə, xüsusi razılıq (lisenziya) olmadan və ya digər şəxslərə məxsus xüsusi razılıq (lisenziya) əsasında sərnişin və yük daşımalarının yerinə yetirilməsinə yol verilmir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün metrostansiyalar arası sərnişindaşıma xidməti göstərən həmin avtobuslara Agentlik tərəfindən fərqlənmə nişanı verilməyib:
 
“Ona görə də onların fəaliyyəti tam qanunsuzdur. Qanunsuz sərnişindaşımaya Bakı Nəqliyyat Agentliyi nəzarət etmir. Bizim onlara nəzarət etmək, cərimə yazmaq kimi bir səlahiyyətimiz yoxdur.  Biz onlara yalnız dayanma-durma qaydalarını pozduğuna görə cərimə sanksiyası tətbiq edirik. Bu gün metro stansiyalarının ətrafında ən çox xaotik vəziyyəti yaradan məhz həmin mikroavtobuslardır”.
 
Bakı Nəqliyyat Agentliyi bu işə nəzarət etmədiyini deyir. Bəs bu xaotik vəziyyətin yaradılmasının səbəbkarı kimdir? O avtobuslar vaxtsız, necə gəldi fəaliyyət göstərdiyindən şəhərdə sıxlıq yaradır. Lisenziyasız, qanunsuz fəaliyyət göstərən bu nəqliyyat vasitələrinin sərnişindaşıma xidməti göstərməsinə niyə göz yumulur? Deyək ki, bu, BNA-nın işi deyil. Ancaq bu mikroavtobuslar BNA-nın avtobuslarının fəaliyyətinə də problem yaradır. Həmin avtobuslara BNA nəzarət etmədiyindən onların hərəkətini tənzimləyə bilmir. Məsələ qaldımağı da qanun qadağan edir? Təşəbbüslə çıxış etmək də qadağandır? Niyə indiyədək aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılmayıb? Axı bu həm də BNA-nın işini pozur. 
Ümid edirik ki, bu sualları cavablandıran, problemi həll edən tapılacaq.
Link kopyalandı!
Son xəbərlər