Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində böyük dağıdıcı gücə malik “İsgəndər-M” raketlərinin qalıqlarının tapılması son günlərin ən çox müzakirə edilən mövzularından biridir.
Azərbaycanın dövlət rəsmiləri hələ ki ən yüksək səviyyədə məsələyə münasibət bildirməyiblər.
Azərbaycan tərəfi Şuşaya “İskəndər-M” raketininin atılması ilə bağlı cinayət işi açmalıdırmı?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı mövzu ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, Azərbaycan bu mövzuda lazım olan addımları atıb:
“Faktlar kifayət qədər ictimailəşdirilib. Dünyanın aparıcı ölkələrinin Kütləvi İnformasiya Vasitələrində də bu mövzu ilə bağlı yetəri qədər yazılıb. “İsgəndər-M”in istehsalçısı Rusiyadır. Rusiyanın qanunlarına görə, “İsgəndər-M” başqa ölkəyə verilə bilməz. Bu raketin atılmasının məsuliyyətini həm Rusiya, həm də Ermənistan daşıyır. Rusiya faktla bağlı rəsmi mövqeyini bildirməlidir.
Bu məsələ ətrafında müzakirələr kifayət qədər geniş aparılır. Sadəcə olaraq müəyyən olunmalıdır ki, “İsgəndər-M” Ermənistana hansı yolla gətirilib və haradan Azərbaycana qarşı tuşlanıb, atış kimin əmri ilə icra olunub. Bunların hər biri dəqiqləşdikdən sonra Azərbaycan rəsmi mövqeyini ortaya qoyacaq”.