Ağalar Vəliyevin 2010-2019-cu illərdə fəaliyyəti barədə
 -M Ə L U M A T
Cəmiyyət
1635
21 Jan 2020 | 11:47

Ağalar Vəliyevin 2010-2019-cu illərdə fəaliyyəti barədə -M Ə L U M A T


Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərini və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu proqram xarakterli vəzifələri rəhbər tutaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Ağalar Vəliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin dəstəklənməsi istiqamətlərində 2010-2019-cu illər ərzində xeyli işlər görülmüşdür.

"Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" və "Daxili Nizamnaməsi haqqında" Qanunların tələblərinə uyğun olaraq qanunvericilik, təmsilçilik, nümayəndəlik funksiyalarının icrası ilə yanaşı respublikanın, eləcə də təmsil etdiyi 11 və 97 saylı Seçki Dairələrinə daxil olan Qaradağ, Goranboy, Ağdam və Tərtər rayonlarının ictimai-siyasi həyatında fəallıq göstərilməsi, onların sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsi millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil etmişdir.

Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü və sədr müavini kimi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının və köklü islahatlar konsepsiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2011-2020-ci illərin "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" , "Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsi haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", “Lisenziyalar və icazələr haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keirilməsi haqqında”, “Vergilər Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və digər önəmli qanunların hazırlanmasında fəal iştirak etmiş və qanunların qəbulunda nəzərə alınan təkliflər vermişdir.

Yeni Azərbaycan Partiyasının namizədi olan millət vəkilinin fəaliyyətinin aparıcı istiqamətlərini ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və hörmətli ölkə rəhbərimiz cənab İlham Əliyevin müəllifliyi ilə son 16 il ərzində qazanılan və müasir dünya tərəfindən qəbul olunan uğurların təbliği təşkil etmişdir.

Belə ki, 2013-cü ilin oktyabrın 9-da və 2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkiləri ərəfəsində cənab Ağalar Vəliyev Yeni Azərbaycan Partiyasının Seçki Qərərgahı ilə birgə müvafiq olaraq 11 saylı Qaradağ və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələrinin yaşayış məntəqələrində və əmək kollektivlərində

çoxsaylı görüşlər zamanı dövlət başçımızın seçkiqabağı təşviqat kompaniyasının təşkilində fəal iştirak etmiş və cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində istər daxili, istərsə də xarici siyasət sahəsində qazanılan nailiyyətləri ehtiva edən geniş təbliğat işləri aparmışdır.

Milli Məslisin beynəlxalq miqyasda fəaliyyətinin genişləndirilməsi və parlametlərarası əlaqələrinin gücləndirilməsi kontekstində deputat tərəfindən bir sıra əməli tədbirlər görülmüşdür.

ATƏT, Türkdilli Ölkələr və AVRONEST Parlament Assambleyalarında Azərbaycan nümayəndə heyətinin üzvü olaraq millət vəkili Bakıda və ölkə xaricində keçirilən muxtəlif forumlarda və konfranslarda iştirak etmiş, müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyini nümayiş etdirmişdir.

Azərbaycan – Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında müxtəlıf sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, dövlətlərimizin, parlamentlərimizin və xalqlarımızın mənafelərinə uyğun münasibətlərin formalaşdirilması üçün deputat tərəfindən zəruri işlər aparılmışdır.

Ölkə rəhbərlərinin qarşılıqlı əməklaşlığının, eləcə də parlamentlərin və dostluq qruplarının birgə səmərəli fəaliyyətinin nəticəsidir ki, 22 dekabr 2014-cü il tarixində Sloveniya Parlamentinin Milli Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun qərar qəbul olunmuşdur.

Deputat həmçinin, Avstriya, Avstraliya-Yeni Zellandiya, Belarus, Çin, Türkiyə və Özbəkistan parlamentləri ilə dostluq qruplarının üzvü kimi Milli Məclisin beynəlxalq sahədə əməkdaşlığının inkişafında səylərini əsirgəməmişdir.

Eyni zamanda cənab Prezidentin təşəbbüsü və dəstəyi ilə müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində respublikamızın bütün reqionlarında, o cümlədən Qaradağ, Goranboy, Ağdam, Tərtər və digər rayonlarda həyata keçirilən quruculuq və abadlıq işləri kontekstində seçiçilərin sosial sifarişlərinin yerinə yetirilməsi millət vəkilinin fəaliyyətimin önəmli istiqamətlərini təşkil etmişdir.

Belə ki, Bərdə rayonunun ərazisində yerləşən Seyid Yusif Ağanın məzarı üzərində ümumi hündürlüyü 24 metr, gümbəzi, türbəsi, 300 nəfərlik mərasim zalı olan böyük məqbərə-ziyarətgah kompleksi tikilmiş, ziyarətgaha gedən 5,5 km. uzunluğunda avtomobil yolu asfaltlanmış və ətraf ərazilər landşafta uyğun abadlaşdırılmışdır.

Yevlax rayonunun İsmayılabad kəndində 80 şagird yerlik yeni məktəb inşa edilmiş, həmin rayonun Səmədabad-Bünyadabad kəndləri arasında 5,5 km uzunluğunda 35 750 kv.metr sahəyə, Səmədabad - İsmayılabad kəndləri arasında 2,0 km uzunluğunda 13 000 kv.metr sahəyə yeni asfalt örtüyü döşənmişdir.

Bərdə rayonunda 9 000 nəfər əhalinin yaşadığı Həsənqaya, Saatlı, Qəhrəmanlı, Seyid Yusifli, Hacallı, Mehdixanlı, Nağılar, Tağılar, Umudalılar kəndlərini birləşdirən 6,2 km uzunluğunda avtomobil yolu əsaslı təmir edilmiş və 42 000 kv.metr sahəyə yeni asfaltbeton örtüyü salınmışdır.

Tovuz rayonunun Donqarquşçu kəndində 4,5 km uzunluğunda 32 000 kv.metr sahəni, Gəncə şəhərinin İmamzadə kompleksinə gedən yolunda 75 000 kv.metr sahəni əhatə edən yollar asfaltlanmış və Yasamal rayonunda Alatava qəsəbəsində 3000 kv.metr sahəyə asfalt örtüyü döşənmişdir. Gəncə şəhərində aparılan abadlıq işlərinə köməklik məqsədi ilə 200 ton sement göndərilmiş, şəhərin təhsil müəssisələrinə 300 ədəd sinif stolu və 600 ədəd məktəbli stulu verilmişdir.

Eyni zamanda Qaradağ rayonunun Sahil, Qobustan, Ələt, Müşfiqabad, Qızıldaş, Səngəçal, Ümid və Çeyildağ qəsəbələrinin müxtəlif küçələrinə ümumilikdə 61 000 kv.metr sahəyə yeni asfalt örtüyü döşənmişdir. Ələt qəsəbəsində 2 ədəd 400 kva-lıq, Qızıldaş qəsəbəsində 2 ədəd 630 kva-lıq, Səngəçal qəsəbəsində 1 ədəd 400 kva-lıq və 1 ədəd 600 kva-lıq müasir elektrik transformatoru quraşdırılmışdır.

Ümid qəsəbəsində sel və lay sularının qarşısının alınmasını və ötürülməsini təmin edən müasir tipli qurğular tikilmiş, Ələt qəsəbəsində 2200 p/metr uzunluğunda, Qobustan qəsəbəsində 1100 p/metr uzunluğunda müxtəlif ölçülü yeni su boruları çəkilmişdir.

Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində çoxmərtəbəli yaşayış binalarında istismara yararsız vəziyyətdə olan 172 ədəd liftin əsaslı təmirinə köməklik göstərilməsi üçün Nazirlər Kabinetinə müraciət olunmuş və həmin liftlərin yeniləri ilə əvəz olunması təmin edilmişdir.

Bundan əlavə, Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kənd orta məktəbinin 645 kv. metr dam örtüyü yenisi ilə əvəz olunmuş, məktəbin sinif otaqları əsaslı təmir olunmuş və Təhsil Nazirliyi tərəfindən əlavə tədris korpusu tikilmişdir. Tərtər rayonunun Sarov kəndində yerləşən orta məktəbin istismara yararsız vəziyyətdə olan 290 kv. metr dam örtüyü dəyişdirilmiş və sinif otaqlarında carı təmir işləri aparılmışdır.

Həmçinin, Goranboy şəhərində Bayraq Meydanının və Muzeyinin tikintisi üçün lazım olan inşaat materialları, şəhərin su-kanalizasiya sisteminin əsaslı təmiri üçün 12 ədəd iri həcmli beton boru, Tərtər şəhərində Diyarşünaslıq Muzeyinin inşası üçün 50 ton sement göndərilmişdir.

2016-ci ilin aprel döyüşləri günlərində millət vəkili təmsilçisi olduğu 97 saylı seçki dairəsinə daxil olan və bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının Tapqaraqoyunlu, Zeyvə, Borsunlu, Mahrızlı və digər kəndlərində olmuş, yerli sakinlər və hərbçilərlə görüşmüş, onlara maddi və mənəvi dəstək göstərmişdir.

Ağdam rayonunun Çəmənli kəndində yerləşən Seyid Lazım Ağanın ziyarətgah kompleksinin mərasim zallarında müasir havalandırma və isitmə-soyutma sistemləri quraşdırılmışdır.

Heydər Əliyev Fondunun təşkilatçılığı və millət vəkilinin dəstəyilə Ağdam rayonunun Quzanlı qəsəbəsində bütün müasir tələblərə cavab verən Muğam Mərkəzi tikilmişdir. 2018-ci ilin noyabrın 5-də açılış mərasimində dövlət başçısının və birinci xanımın şəxsən iştirak etdiyi, ərazisi 7 782, tikintialti sahəsi 1 800 kvadrat metr təşkil edən, 328 yerlik konsert zalından və müxtəlif təyinatlı otaqlardan ibarət olan iki mərtəbəli Mərkəzdə muğam sənətinin tədrisi və təbliği üçün hər cür şərait yaradılmışdır.

Özəl qurumlar və iş adamları ilə əməkdaşlıq çərçivəsində deputatın təşəbbüsü ilə 2015-2019-cu illərdə “Kristal-Abşeron” MTK tərəfindən Xırdalan şəhərində inşa edilmiş 126 mənzillik yaşayış binası və 60 mənzil, “Azəraqrartikinti” ASC tərəfindən müxtəlif ünvanlarda 10 mənzil, “AS İnşaat” MMM tərəfindən isə 3 mənzil məcburi köçkün soydaşlarımıza paylanması üçün təmənnasız olaraq Heydər Əliyev Fonduna verilmişdir.

Xalqımızın xeyiriyəçilik, xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq millət vəkili tərəfindən 2010-2015-ci illərdə Qaradağ rayonu üzrə Yeni il, Novruz və Qurban bayramlarında hər dəfə 575 nəfər olmaqla 5 il ərzində 8 625, 2015-2019-cu illərdə Goranboy, Ağdam, Tərtər rayonları üzrə hər dəfə 850 nəfər olmaqla 4 il ərzində 9 350 şəhid, əlil və aztəminatlı ailənın hər birinə bütün zəruri ərzaq məhsullarından ibarət olan bayram sovqatları çatdırılmışdır. Ramazan bayramı münasibəti ilə adı çəkilən rayonlarda iftar mərsaimləri, cari ilin iyun ayında isə Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi münasibətilə respublikanın 15 rayonununda böyük iftar mərasimləri təşkil olunmuşdur.

Milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq son doqquz il ərzində deputatın maliyyə dəstəyi ilə Qaradağ rayonundan 153 imkansız mömin seçici Məşhəd və 26 zəvvar Həcc ziyarətinə, Goranboy, Ağdam və Tərtər rayonlarından isə 120 nəfər Məşhəd və 17 nəfər Həcc ziyarətinə göndərilmişdir.

Ölkə rəhbərliyinin insan kapitalının formalaşdırılması siyasətinin, təhsil sistemində aparılan islahatların dəstəklənməsi və təlimdə nailiyyətləri olanların stimullaşdırılması məqsədi ilə millət vəkili tərəfindən 2011-2015-ci tədris illəri ərzində Qaradağ rayonunun 19 ümumtəhsil məktəbinin 999 əlaçı şagirdinə 100 manat məbləğındə fərqlənmə təqaüdü verilmiş, 600-dan yuxarı balla ali məktəblərə daxil olmuş 61 tələbəyə 500 manat məbləğində pul mükafatları təqdim edilmiş, 3 aztəminatlı tələbənin təhsil haqqı ödənilmiş, bir sıra təhsil müəssisələrinə noutbuklar və kompüter dəstləri hədiyyə olunmuşdur.

Son dörd tədris ilinin yekünlarına əsasən deputat tərəfindən Goranboy, Ağdam və Tərtər rayonlarının 44 məktəbinin 1566 əlaçı şagirdinə 100 manat məbləğındə

fərqlənmə təqaüdü verilmiş, ali məktəblərə daxil olarkən 500-dən yuxarı ball toplayan 577 tələbəyə 200 manat, 600-dən yuxarı ball toplayan 229 tələbəyə 500 manat, 700 bal toplayan 2 nəfərə isə 10 000 manat məbləğındə pul mükafatı təqdim edilmişdir.

Millət vəkili kimi fəalliyyəti dövründə seçicilərlə keçirilən görüşlərdə və aparılan qəbullarda fərdi qaydada ona müraciət etmiş 40-a yaxın vətəndaş ixtisasına uyğun işlə təmin olunmuş, şəhid, əlil, tənha və ahıl insanlar da daxil olmaqla ağır sosial vəziyyətdə yaşayan 300-dən çox seçicinin müalicəsinə, evlərinin tikintisinə, mənzillərinin təmirinə, müxtəlif təyinatlı avadanlıqlarla və ləvazımatlarla təmin edilməsinə maliyyə yardımı göstərilmişdir.

Milli Məclisin deputatı cənab Ağalar Vəliyev 2010-2019-cu illərdə bir sıra beynəlxalq əhəmiyyətli və respublika miqyaslı tədbirlərdə iştirak etmiş, onun təmsil etdiyi Qaradağ, Goranboy, Ağdam və Tərtər rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı yığıncaqlarda çıxışları, “Milli Məclis” analitik informasiya jurnalında, “Azərbaycan”, “Xalq”, “Respublika”, “Yeni Azərbaycan”, “İki sahil”, “Səs” qəzetlərində və digər kütləvi informasiya vasitələrində müasir həyatımızın müxtəlif aspektlərini əhatə edən müsahibələri və məqalələri olmuşdur.

TƏRCÜMEYİ-HAL

Ağalar İsrəfil oğlu Vəliyev

Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci ilin iyulun 23-də Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. 1963-1973-cü illərdə Yevlax şəhərinin 2 və 8 saylı məktəblərində orta təhsil almış, 1973-cü ildə Mingəçevir Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1976-cı ildə həmin texnikumu bitirmişdir.

A.İ.Vəliyev əmək fəaliyyətinə 1976-cı ilin martın 26-da Yevlax Dəmir-Beton Məmulatları zavodunda III dərəcəli fəhlə kimi başlamışdır. 1976-cı ilin may ayından 1978-ci ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur.

Hərbi xidməti başa vurduqdan sonra Yevlax Dəmir-Beton Məmulatları zavodunda texnik-laborant, laboratoriya mühəndisi, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, direktor əvəzi və direktor vəzifələrində işləmişdir.

1983-cü ildə A.İ.Vəliyev Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1989-cu ildə həmin institutu “İnşaatçı-mühəndis” ixtisası üzrə bitirmişdir.

A.İ.Vəliyev 1991-ci ildə “Azəravtoyol” İstehsalat Birliyinin Yevlax “Körpü Tikinti” Kombinatının baş direktoru vəzifəsinə, 1993-cü ildə isə Yevlax “2 saylı Yol Təmir Tikinti” Trestinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 19 iyun 1996-cı il tarixli sərəncamı ilə A.İ.Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunmuşdur.

“Tikinti kompleksinin inhisarlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 02 dekabr 1997-ci il tarixli 646 saylı Fərmanının icrasına uyğun olaraq A.İ.Vəliyev 01 mart 1998-ci il tarixindən “Azəraqrartikinti” Dövlət Şirkətinin bazasında yaradılmış “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyyətinin sədri-prezidenti vəzifəsinə seçilmişdir.

A.İ.Vəliyev ölkənin inşaat-tikinti sektorunda özünəməxsus yeri və böyük nüfuzu olan “Azəraqrartikinti” ASC-yə rəhbərlik etdiyi illər ərzində Bakı şəhərində və respublikanın rayonlarında yüzlərlə müxtəlif təyinatlı tikililər, binalar, qurğular inşa edilmiş, bir sıra strateji əhəmiyyətli obyektlər və avtomobil yolları istismara verilmişdir.

Bu obyektlərin bir çoxlarının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və görülən işləri yüksək dəyərləndirmişdir.

2010-cu ilin noyabr ayında A.İ.Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülən namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış, 2015-ci ilin noyabr ayında isə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Hazırda A.İ.Vəliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Avstraliya-Yeni Zellandiya, Belarus, Çin, Türkiyə, Özbəkistan parlamentləri ilə dostluq qruplarının, Türkdilli Ölkələrin və Avronest Parlament Assambleyalarında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

A.İ.Vəliyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Şöhrət”, 20 iyul 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.

A.İ.Vəliyev evlidir, bir oğlu və iki nəvəsi vardır.
Link kopyalandı!
Son xəbərlər