Dünən hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti tərəfindən təsdiqlənən və ictimaiyyətə elan olunan rəsmi namizədlər siyahısında xeyli yeni simalar-adlar var.
Həmin yeni simalardan biri də 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Yıldırım Fatma Vidadi qızıdır.
Yıldırım Fatma Vidadi qızı 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qarabağlıdır (Şuşa rayonunun Malıbəyli kəndi). Atası mərhum fizika elmləri doktoru, professor, ictimai xadim olan Vidadi Yusif oğlu Əliyev Qarabağ İcmasına əvəzsiz xidmətlər göstərib.
Fatma Yıldırım Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktodorudur. O, gənc yaşlarından Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində pedaqoji fəalliyyətlə məşğul olub, müxtəlif özəl şirkətlərdə insan resursları üzrə şöbə müdiri, 2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir.
Bundan əlavə, 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini vəzifəsini yerinə yetirib. Həmçinin, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Hazırda YAP Nəsimi rayon təşkilatının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavinidir. Komitə daxilində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Fatma Yıldırım diaspora fəaliyyəti ilə də fərqlənməyi bacarıb. Belə ki, bir müddət Belçika Krallığında yaşayan Fatma Yıldırım 2003-cü ildə “Avropa Azərbaycanlıları Mərkəzi”nin təsisçisi və sədri olub. Sözügedən ictimai birlik Avropada Qarabağ həqiqətləri, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində kütləvi tədbirlərin keçirilməsini və təbliğat işlərinin aparılmasını təşkil edib.
Ailəlidir, iki övladı var.