2050-ci ilə qədər Yer əhalisi 10 milyarda çatacaq - BMT ekspertləri
2304
10 Jun 2026 | 20:22

2050-ci ilə qədər Yer əhalisi 10 milyarda çatacaq - BMT ekspertləri

 
Uzunömürlülüyün artması və demoqrafik dəyişikliklər yaxın onilliklərdə dünya əhalisinin rekord həddə yüksəlməsinə səbəb olacaq...
 
Hazırda Yer kürəsində təxminən 8 milyard insan yaşayır. BMT-nin proqnozlarına görə, növbəti 25 il ərzində bu rəqəm daha 2 milyard artaraq 10 milyarda yaxınlaşacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "24.kz" nəşri yazıb.
 
Dünya sürətlə böyüyür
 
Mütəxəssislər artımı əsasən uzunömürlülüyün yüksəlməsi, urbanizasiya və miqrasiyanın genişlənməsi ilə izah edirlər. Hazırda dünyada orta ömür uzunluğu 73 il təşkil edirsə, 2050-ci ilə qədər bu göstəricinin 77 ilə çatacağı gözlənilir. Nəticədə yaşlı insanların sayı 2 milyarda yaxınlaşa bilər.
 
Kvinslend Universitetinin aparıcı tədqiqatçısı Ceyn O'Sallivan bildirib ki, dünya əhalisi son 40 ildən çox müddətdə hər il 70-90 milyon nəfər artır və bu meyl hələ də davam edir. Onun sözlərinə görə, əhali artımının yaratdığı problemlər ildən-ilə daha mürəkkəb xarakter alır.

Afrika böyüyür, Avropa qocalır

Ekspertlərin fikrincə, dünya əhalisinin xəritəsi sürətlə dəyişir. Ən böyük artım aşağı gəlirli regionlarda müşahidə olunur. Proqnozlara görə, 2050-ci ilə qədər Afrika əhalisi iki dəfə artacaq.
 
Dünyanın iki ən böyük əhali mərkəzi olan Hindistan və Çin isə fərqli istiqamətlərdə inkişaf edir. Çində əhali azalmaqda davam edəcək və əsrin sonuna doğru 1 milyard nəfərdən aşağı düşə bilər. Hindistanda isə əhali artımının hələ bir neçə onillik davam edəcəyi gözlənilir.
 
Avropada isə əks proses gedir. Mütəxəssislər hesab edirlər ki, 2050-ci ilə qədər qitənin 26 ölkəsində əhali orta hesabla 15 faiz azalacaq. Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Latviya və Xorvatiya bu siyahıda yer alan ölkələrdəndir. Bunun əsas səbəbi doğum səviyyəsinin əhalinin təkrar istehsalı üçün lazım olan göstəricidən aşağı olmasıdır.
 
Demoqrafik problemlər və İsveçrə nümunəsi
 
Demoqraflar bildirirlər ki, Avropada gənclərin ailə qurmaq və uşaq sahibi olmaq qərarını verməsi getdikcə çətinləşir. İqtisadi qeyri-müəyyənlik, yüksək yaşayış xərcləri və əmək bazarındakı rəqabət doğum səviyyəsinin azalmasına təsir göstərir.
 
Bu arada bəzi ölkələr əhali artımını məhdudlaşdırmaq yollarını müzakirə etməyə başlayıb. İsveçrədə iyunun 14-də keçiriləcək ümumxalq referendumunda əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması təklifi səsverməyə çıxarılacaq. 
 
Təşəbbüs müəllifləri hesab edirlər ki, əhalinin həddindən artıq artması yolların yüklənməsinə, məktəblərdə yer çatışmazlığına və mənzil böhranına səbəb olur. Lakin biznes dairələri bu ideyaya qarşı çıxır. Onların fikrincə, sərt məhdudiyyətlər ölkənin iqtisadiyyatına zərbə vura, xarici mütəxəssislərin axınını azalda və Avropa İttifaqı ilə münasibətləri çətinləşdirə bilər. 
 
Ekspertlər ümumi qənaətə gəlirlər ki, Yer əhalisinin gələcək artımı təbii resurslara, infrastruktur sistemlərinə və səhiyyəyə düşən yükü daha da artıracaq. Bu isə dünya miqyasında yeni sosial və iqtisadi problemlərin yaranmasına səbəb ola bilər.
Link kopyalandı!
Son xəbərlər