Pakistandakı ABŞ-İran danışıqları niyə dalana dirəndi? - VİDEO
254
08:35, Bu gün

Pakistandakı ABŞ-İran danışıqları niyə dalana dirəndi? - VİDEO

"Biz İranla çox dərin danışıqlar aparırıq. İstənilən halda qalib gələcəyik. Biz onları hərbi baxımdan məğlub etmişik. Onların bütün dəniz qüvvələrini məhv etmişik. Onların donanması artıq yoxdur. 158 gəmi batırılıb. 28 mina yerləşdirən gəmisi var idi. Hamısı suyun altındadır. Yəqin ki, suda hələ bir neçə mina qalıb. Bizim mina təmizləyən gəmilərimiz oradadır. Bundan əlavə, biz danışıqlar aparırıq. Razılaşma əldə edib-etməməyimizin mənim üçün fərqi yoxdur".
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, Trampın bu açıqlaması Vaşinqtonun İslamabaddakı danışıqlarda hansı psixoloji durumda iştirak etdiyini açıq göstərir. Yəni masa arxasında diplomatiya getsə də, siyasi ritorikada Birləşmiş Ştatlar özünü artıq üstün tərəf kimi təqdim edir.
 
Məhz buna görə də Pakistandakı təmaslar klassik sülh danışıqlarından daha çox, müharibədən sonrakı şərtlərin qarşı tərəfə qəbul etdirilməsi cəhdi kimi görünür. İslamabadda yüksək təhlükəsizlik şəraitində keçirilən görüş 20 saatdan çox davam etsə də, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
 
Amerika Birləşmiş Ştatlarının minimum tələbi İranın nüvə silahı əldə etməyəcəyinə və buna imkan verən vasitələri toplamayacağına dair açıq öhdəlik idi. Bununla yanaşı, Vaşinqton üçün ikinci strateji məsələ Hörmüz boğazında qlobal gəmiçiliyin bərpasıdır.
 
Amma problem ondadır ki, Tehran bu görüşə tamamilə başqa siyasi paketlə gedib. İran tərəfi təkcə atəşkəsin texniki şərtlərini deyil, daha geniş çərçivəni gündəmə gətirib: region üzrə atəşkəs, o cümlədən Livan istiqamətində əməliyyatların dayandırılması, dondurulmuş İran aktivlərinin azad edilməsi, təzminat məsələsi və Hörmüz boğazı ilə bağlı nəzarət iddiaları.
 
Yəni ABŞ danışıqları nüvə və təhlükəsizlik başlığı altında məhdudlaşdırmaq istəyirdisə, İran masanı regional və geosiyasi hesablaşma formatına çevirməyə çalışırdı.
Link kopyalandı!
Son xəbərlər