8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən Batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı ölkəmiz üçün qürurverici anlarla yadda qalır. Azərbaycan bu mötəbər yarışda gənclər və böyüklər yaş kateqoriyasında ümumilikdə 23 gimnastla təmsil olunur və idmançılarımız artıq ilk mərhələlərdən etibarən uğurlu nəticələr göstərməyi bacarıblar.
Moderator.az xəbər verir ki, təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə Selcan Mahsudova, Maqsud Mahsudov, Nicat Mirzəyev, Hüseyn Abbasov, Ammar Baxşalıyev və Fərhad Mustafayev fərdi proqramda yarımfinal və final mərhələlərinə yüksəliblər.
Komanda yarışlarında isə gənclər arasında Fərhad Mustafayev, Ömər Qasımlı, Muhamməd Həsənli və Ammar Baxşalıyev, böyüklər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev və Mehdi Əliyev uğurlu çıxışları ilə finala vəsiqə qazanıblar. Final mərhələsində böyüklərdən ibarət komanda 4-cü pillədə qərarlaşıb.
Sinxron proqramlarda da gimnastlarımız yüksək nəticələr göstəriblər. Kişilər arasında Ammar Baxşalıyev - Fərhad Mustafayev və Maqsud Mahsudov - Hüseyn Abbasov cütlükləri, qarışıq sinxronda isə Ayan Şabanova və İbrahim Mustafazadə növbəti mərhələlərə yüksəliblər.
İkili-mini batut üzrə Ammar Baxşalıyev, Ömər Qasımlı, Muhamməd Həsənli və Nikita Koleşnikov komanda hesabında finala vəsiqə qazanıblar. Ammar Baxşalıyev fərdi proqramda da final mərhələsində mübarizə aparacaq.
Bu çempionat Azərbaycan gimnastikası tarixində yeni bir səhifə açır: gimnastlarımız ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrə gənclər arasında finala yüksəlməyi bacarıblar.
Tamblinq üzrə də uğurlar davam edir. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov komanda hesabında finala vəsiqə qazanıblar. Mixail Malkin və Tofiq Əliyev fərdi proqramda da final mərhələsində yer alıblar. Final çıxışında isə komandamız gümüş medal qazanaraq bayrağımızı zirvəyə bir addım daha yaxınlaşdırıb.
Gimnastlarımızı ürəkdən təbrik edir, son final günündə onlara yeni qələbələr arzulayırıq!