Bakının Xəzər rayonu, Binə qəsəbəsinin "Sovxoz" adlanan "İki qardaş şəhidlər" küçəsində içməli su problemi hələ də öz həllini tapmayıb. Paytaxtın ən sıx məskunlaşan ərazilərindən biri olmasına baxmayaraq, bu yaşayış massivində mərkəzləşdirilmiş içməli su xəttinin olmaması sakinlərin ciddi narazılığına səbəb olur.
Sakinlər "TV Müsavat"ın çəkiliş qrupuna bildiriblər ki, burada məskunlaşdıqları vaxtdan bu günə qədər fasiləsiz su təminatı ilə üzləşməyiblər.
Onlar içməli su ehtiyaclarını ya su daşıyan maşınlardan pul müqabilində təmin edir, ya da qəsəbə mərkəzində yerləşən şəhid bulağından və yaxın ərazilərdən bidonlarla su daşıyırlar. Əksər hallarda isə bu su taksi ilə evlərə gətirilir. Toplanan suyun saxlanması da əlavə çətinlik yaradır – kimisi həyətində quraşdırdığı çənlərdə, kimisi isə bidonlarda su ehtiyatı saxlamalı olur. Yaşayış massivi yarandığı gündən bəri su xəttinin çəkilməməsi sakinləri həm maddi baxımdan ikiqat xərclə üz-üzə qoyur, həm də gündəlik həyatlarını xeyli çətinləşdirir.
Binə sakinlərinin problemləri ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etdik.
Qurumdan cavabda bunlar deyildi:
"Məsələ ilə əlaqədar bildiririk ki, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, həmçinin yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq sözügedən küçə də daxil olmaqla rayon ərazisində istismara yararsız yolların əsaslı təmiri və yenidənqurulması işlərinin Dövlət İnvestisiya Proqramına əlavə olunması üçün Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti quruma rəsmi müraciət ünvanlanıb.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanlanmış məktuba cavab olaraq bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən yaşayış məntəqələrində içməli su təchizatı sisteminin qurulması məqsədilə layihə sənədləri hazırlanıb.
Həmçinin bildirilib ki, Xəzər rayonunun yaşayış məntəqələrində içməli su təchizatı sisteminin tikinti-quraşdırma işlərinin icrası Dövlət İnvestisiya Proqramı çərçivəsində mərhələlərlə həyata keçiriləcək".
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə "TV Müsavat"a deyildi ki, hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiqyaslı layihələr icra olunur:
"Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə layihələr hazırlanıb və tikinti-quruculuq işləri plan üzrə aparılır. Sözügedən ünvanda da içməli su təchizatının qurulması mərhələli şəkildə həyata keçiriləcək".
Moderator.az videoreportajı təqdim edir.