Prezident ailəsinə qarşı “deepfake” təxribatının pərdəarxası: Blogerlər, manipulyasiya və şantaj...
245
13:33, Bu gün

Prezident ailəsinə qarşı “deepfake” təxribatının pərdəarxası: Blogerlər, manipulyasiya və şantaj...

“Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videomaterial əsasında artıq bir sıra nəticələr çıxarmaq mümkündür. İlk növbədə aydın olur ki, baş verənlərin hamısı konkret bir mərkəzdən idarə olunub və yayılan materiallar da məhz həmin mərkəz tərəfindən təşkil edilib. Videoda cinayətkar şəbəkənin üzvlərindən birinin etirafı da bunu təsdiqləyir: o bildirir ki, onlara verilən göstəriş və icazə çərçivəsində fəaliyyət göstəriblər. Diqqət çəkən digər məqam isə ondan ibarətdir ki, bu təxribatlar həyata keçirilərkən süni intellekt texnologiyalarından geniş istifadə olunub. Belə ki, sosial şəbəkələrdə aktiv və açıq həyat tərzi ilə tanınan bir xanımın görüntülərindən istifadə edilərək dövlət başçısının ailəsinə qarşı yalan və təxribat xarakterli materiallar hazırlanıb və yayılıb”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Prezident ailəsini şantaj edən şəxsin saxlanılması və ifşası ilə bağlı danışarkən səsləndirib.

Onun sözlərinə görə, xaricdən idarə olunan bu şəxslər yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmağa və cəmiyyətə təsir göstərməyə çalışıblar.

Deputat bildirib ki, əsas məqsəd Azərbaycanda etimadsızlıq mühiti formalaşdırmaq, cəmiyyətdə parçalanma yaratmaq və ciddi fikir ayrılığına səbəb olmaq olub. Eyni zamanda xalqın dövlət başçısına olan inamını sarsıtmaq hədəflənib. Onun sözlərinə görə, bu faktlar bir daha göstərir ki, proses əvvəlcədən planlaşdırılıb və arxasında konkret xarici qüvvələr dayanır. Həmin qüvvələr bəzi blogerlərdən alət kimi istifadə ediblər:

“Lakin Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat nəticəsində həqiqətlər üzə çıxıb və cəmiyyət bu məsələnin mahiyyətini bir daha aydın şəkildə görüb. Əslində isə cəmiyyət artıq anlayırdı ki, bu kimi hallar xaricdən yönləndirilən təxribat və təzyiq kampaniyalarının tərkib hissəsidir. Adətən dövlət xadimlərinə və onların ailə üzvlərinə qarşı dezinformasiya yaymaq bu cür kampaniyaların əsas alətlərindən biri olur.

Bu hadisə ilə bağlı daha bir mühüm məqam ondan ibarətdir ki, saxta görüntülərin hazırlanmasında “deepfake” texnologiyalarından istifadə edildiyi müəyyən olunub və bu da cinayət tərkibi yaradan əməllər kimi qiymətləndirilir. Bu istiqamətdə Milli Məclisdə müvafiq qanunvericilik təşəbbüsləri artıq irəli sürülüb və ilkin oxunuşdan keçib. Bu cür əməllərə yol verən şəxslər hüquqi məsuliyyətə cəlb olunacaqlar”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan əməliyyat nəticəsində Prezidentin ailə üzvlərini şantaj edən şəxs müəyyən edilərək saxlanılıb. Məlumata görə, blogerlərin qarayaxma kampaniyası ilə eyni vaxtda bir nəfər sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyatdan keçmiş mobil nömrə vasitəsilə Azərbaycanın yüksəkvəzifəli şəxsləriylə əlaqə yaratmağa cəhd edib.

Xaricdə olan bu şəxs guya Alena Əliyevaya aid olduğunu iddia etdiyi görüntülərlə həmin şəxsləri şantaj edib və bu materialları yaymamaq müqabilində 5 milyon avro tələb edib. Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Əməliyyat tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. O, istintaqa verdiyi ifadəsində törətdiyi əməli etiraf edərək hadisənin təfərrüatlarını açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər