Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Pəmbək mahalının qədim Bozavdal yaylası" adlı süjet hazırlanıb.
Moderator.az xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Boğutlu, Bozabdal, Bozavdal yaylası toponimi haqqında söz açılır.
Bildirilir ki, Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından minillərlə zaman keçir və Qərbi Azərbaycan ərazisində onminlərlə toponim məhz tarixin qədim qatlarında formalaşaraq yaranıb.
Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, Talın mahalının Talin rayonunda kənd adıdır. Adı "Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar" toplusunda Buqıtı, Qafqazın 5 verstlik xəritəsində Buğutlu kimi qeyd edilib. 1950-ci ildə adı dəyişdirilib Arteni qoyulub.
Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, Talın mahalının Talin rayonunda dağ adıdır. Hündürlüyü 2 047 metrdir.
Bozabdal - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonunda kənd adıdır. Erməni mənbələrində adı Bzovdal, Qafqazın 5 verstlik xəritəsində Bzobdal, Bzovdərə kimi qeyd edilib. 1978-ci ildə adı dəyişdirilib Bazum qoyulub.
Bozabdal - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Bazabdal kəndində dağ adıdır.
Bozavdal yaylası - İrəvan quberniyasının Aleksandropol qəzasında, Pəmbək mahalının Hamamlı, sonralar Spitak adlandırılan rayonda yaylaq adıdır.
Sonda vurğulanır ki, indiki Ermənistan özünün saxta tarixi, qonşulara qarşı əsassız ərazi iddiaları, təkmillətçi görüşləri və terrorçu əməlləri ilə dünyada tanınıb: "Məhz iki əsrdən çox bir zamanda azərbaycanlılara qarşı törədilən qırğınlar, toponim cinayətləri hayların genetik xislətinin göstəricisi olmaqla yanaşı, monoetnik düşüncəsinin yaratdığı mənfi təzahürlərdir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.