"Qara dənizdə hərbi gəmilər, Aralıq dənizində isə sanksiyalı tanker hədəfə alınıb..."
Martın 1-dən 2-nə keçən gecə Rusiyanın Novorossiysk limanında yerləşən hərbi və enerji obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
Qara dəniz donanmasına məxsus beş hərbi gəmiyə ziyan vurulub
Məlumata görə, Ukrayna qüvvələri zərbə dronlarından istifadə edərək Qara dəniz donanmasına məxsus beş hərbi gəmiyə ziyan vurub. Hücum nəticəsində üç rus hərbçisinin həlak olduğu, 16 nəfərin isə yaralandığı bildirilir.
Mənbələrin iddiasına əsasən, ciddi zərər alan gəmilərdən biri mina axtaran "Valentin Pikul" olub. Bundan əlavə, 1124M layihəli "Yeysk" və "Kasimov" adlı kiçik sualtı əleyhinə gəmilərin də zədələndiyi qeyd olunur. Hücum zamanı limanda yerləşən Rusiyanın Qara dənizdəki əsas hərbi dayaqlarından biri hədəfə alınıb. Novorossiysk hazırda regionda Rusiya hərbi donanmasının əsas bazalarından biri və eyni zamanda mühüm ixrac-logistika mərkəzi sayılır.
Zərbə yalnız hərbi gəmilərlə məhdudlaşmayıb. Strateji əhəmiyyət daşıyan "Şesxaris" neft terminalında yanğın baş verib, neft doldurma estakadalarının zədələndiyi təsdiqlənib. Bundan başqa, zenit-raket sistemlərinin radar infrastrukturu da zərbə altına düşüb. Analitiklər liman ərazisində, xüsusilə 1124 "Albatros" layihəli gəmilərin yan aldığı körpü hissəsində qaranlıq ləkə - partlayış və ya yanğın izləri müşahidə ediblər.
Ukrayna tərəfinin məlumatına görə, əməliyyatda xüsusi təyinatlı qurumların pilotsuz aparatları iştirak edib və hərbi obyektlərlə yanaşı, hava hücumundan müdafiə sistemlərinin elementləri də sıradan çıxarılıb. Bu hücum Qara dənizdəki balansın dəyişməsi baxımından diqqət çəkən hadisə kimi qiymətləndirilir.
Aralıq dənizində yanan tanker və "kölgə donanması"na zərbə
Eyni günlərdə Aralıq dənizində də Rusiya ilə bağlı daha bir insident qeydə alınıb. "Reuters" agentliyinin yaydığı məlumata görə, "Arctic Metagaz" adlı, Rusiya bayrağı altında üzən LNG tankeri açıq dənizdə yanmağa başlayıb. Gəmi həm ABŞ, həm də Birləşmiş Krallıq tərəfindən sanksiyalara məruz qalıb. Ekipajın taleyi barədə hələlik dəqiq məlumat yoxdur.
"MarineTraffic" izləmə platformasının məlumatına əsasən, tanker sonuncu dəfə Malta sahilləri yaxınlığında mövqeyini bildirib. Daha sonra gəminin Liviya sahilləri yaxınlığında yandığına dair görüntülər yayılıb. Mənbələrdən biri tankerin pilotsuz aparat vasitəsilə vurula biləcəyini ehtimal edir və bu əməliyyatda Ukraynanın iştirakını istisna etmir.
Bununla yanaşı, Avropada Rusiyanın "kölgə donanması"na qarşı tədbirlər də sərtləşir. Martın 1-də Belçika Silahlı Qüvvələri Fransa ilə birgə əməliyyat nəticəsində Rusiya ilə əlaqəli tankeri saxlayaraq Zebrüqqe limanına müşayiət edib. Ukrayna prezidenti Vladimir Zelenski bu addımı alqışlayaraq Avropa ölkələrini Rusiya neftini daşıyan belə gəmilərin müsadirəsinə çağırıb. Onun fikrincə, bu yolla əldə olunan resurslar Avropanın təhlükəsizliyinə yönəldilə bilər.
Son hadisələr göstərir ki, müharibə artıq yalnız cəbhə xəttində deyil, dəniz yollarında və enerji infrastrukturunda da daha geniş miqyas alır. Qara dəniz və Aralıq dənizi ətrafında baş verənlər isə qarşıdurmanın yeni mərhələyə keçdiyini nümayiş etdirir.