Nə marşrut var, nə də normal rabitə: Çüdüllübinə sakinləri hər gün dörd km yolu piyada qət edirlər - VİDEO
157
08:20, Bu gün

Nə marşrut var, nə də normal rabitə: Çüdüllübinə sakinləri hər gün dörd km yolu piyada qət edirlər - VİDEO

Zaqatala rayonunun Çüdüllübinə kəndində sakinlər illərdir həlli tapılmayan sosial problemlərlə mübarizə aparırlar. Təhlükəli elektrik təsərrüfatı, internetin olmaması və nəqliyyat problemi kənd sakinlərinin gündəlik həyatını çətinləşdirir.
 
Moderator.az İctimai TV-yə istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, mövcud elektrik xətti ötən əsrin 60-cı illərində çəkilib və hazırda dirəklər istismar müddətini başa vurub.
 
Onlar bildirirlər ki, xətlərdə çoxsaylı calaq yerləri var və naqillər köhnə dirəklər vasitəsilə saxlanılır. Güclü külək zamanı tez-tez elektrik enerjisində fasilələr yaranır.
 
Kənddə digər problem isə internet və nəqliyyatla bağlıdır. Sakinlərin sözlərinə görə, kənddə internetə çıxış yoxdur. Bildirilir ki, internet xəttinin çəkiləcəyi vədi verilsə də, bu, hələ ki reallaşmayıb. Onlar hər gün təxminən 4 kilometr yolu piyada qət edərək Zaqatala-Muğanlı magistralına çıxmaq məcburiyyətindədirlər.
 
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi isə müxtəlifdir. "Azərişıq" ASC-dən bildirilib ki, ərazidə artıq layihələndirmə işləri başa çatıb və bu il ərzində kəndin bütün elektrik təsərrüfatı yenilənəcək. İnternet məsələsi ilə bağlı "Aztelekom"dan qeyd olunub ki, kənddə simsiz texnologiyanın tətbiqi plana daxil edilsə də, əvvəlki sorğular zamanı lazımi texniki şərtlər mövcud olmayıb, lakin müraciətlər əsasında bu imkanlar yenidən nəzərdən keçirilə bilər. Rayon İcra Hakimiyyəti isə marşrut xəttinin vaxtilə istifadəyə verildiyini, lakin sərnişin azlığına görə dayandırıldığını bəyan edərək, məsələyə yenidən baxılacağını vəd edib.
Link kopyalandı!
Son xəbərlər