Xocalı faciəsinin şahidi:
47
15:25, Bu gün

Xocalı faciəsinin şahidi: "İki gün meşədə qar yedim, taqətsiz halda əsir düşdüm" - VİDEOMÜSAHİBƏ

"Məni sürüyə-sürüyə maşına atıb, fermaya gətirdilər. Qadın-uşaq, yaşlı-cavan hamını yığmışdılar fermaya. Bir müddətdən sonra erməni hərbçilər gəlib, mənimlə birlikdə 19 nəfər cavan əsiri seçib əl-ayağımızdan tutaraq "KamAZ" markalı yük maşınına atdılar. Üzərimizə isə odun kötükləri yığdılar. Sonra həmin yük maşını uzun müddət istifadə olunmayan, kələ-kötür yolla, yüksək sürətlə bir kəndə getdi. Yolboyu yük maşını çökək ərazilərdən keçəndə odunlar üstümüzə tökülür, bədənimizin müxtəlif hissələrinə dəyirdi. Kəndə çatdıq, bizi qaranlıq bir otağa atdılar, növbə ilə xüsusi amansızlıqla döyməyə başladılar".
 
Bunu Oxu.az-a videomüsahibəsində Xocalı soyqırımı zamanı əsir götürülən sakinlərdən biri, Əbülfət Kərimov deyib:
 
Hadisə zamanı Xocalının özünümüdafiə batalyonunda döyüşən Ə.Kərimov günlərlə Kətik meşəsində ac-susuz qalıb, məcburiyyətdən qar yeyib, daha sonra hiyləgər erməni hərbçisinə aldanaraq əsir düşüb. O, üç ay müxtəlif ərazilərdə əsir saxlanılıb, olmazın işgəncələrə məruz qalıb.
 
Ən acı xatirələrindən biri şüşəsi olmayan, altıqat barmaqlıq vurulmuş pəncərədən düşən nazik gün işığı ilə vaxtı təyin etmələri, gündə bir əl boyda çörəyə möhtac qalmaları, ermənilərin palçıqlı suyu otağın bir küncünə qoyulmuş unitazın sifonuna tökmələri və əsirlərin o suyun palçığının saatlarla çökməsini gözləyərək hamıya çatsın deyə qurtum-qurtum içmələridir.
 
Qeyri-insani rəftar görən Ə.Kərimov sonradan dəyişdirilib. Onun heç sağalmayan yarası isə ermənilərin hücumu zamanı yaşlı atasını itirməsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər