"Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq və ölkəni nimçədə təqdim etməyəcək..."
Savaşın dördüncü ilində Bankovaya küçəsindən nümayiş etdirilən iradə...
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın genişmiqyaslı işğalının dördüncü ildönümündə xalqa müraciət edib.
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
"Ukraynanın müqavimət gücü göz önündədir"
O, çıxışını müharibənin ilk günlərində yaşayıb işlədiyi Bankovayadakı bunkerdən edərək, həmin ağır günləri xatırladıb. Zelenski vurğulayıb ki, 24 fevral artıq dörd ildir ki, Ukraynanın taleyində dönüş nöqtəsidir. O, Rusiyanın üç günə Kiyevi ələ keçirmək planının iflasa uğradığını xatırladaraq bildirib ki, bu fakt Ukraynanın müqavimət gücünün ən böyük sübutudur.
Prezident ilk günlərdə dünya liderləri ilə məhz həmin kiçik bunkerdə danışdığını deyib. Onun sözlərinə görə, hər bir yardım paketi, hər bir sanksiya və hər bir silah partiyası asan əldə olunmayıb - bütün bunlar sözün əsl mənasında diplomatik mübarizə ilə qazanılıb. Bu dörd il ərzində Ukrayna kimin real müttəfiq olduğunu da aydın şəkildə görüb.
Zelenski Rusiyanın törətdiyi dağıntıları və hərbi cinayətləri sadalayaraq bildirib ki, ukraynalılar bunu unutmayacaq. O, Rusiya neftini almaqda davam edən və ya Moskva ilə münasibətləri qoruyan dairələrə də mesaj göndərərək qeyd edib ki, bu müharibənin əsl səbəbkarı məhz Kremldir.
"Bizə fasilə yox, müharibənin sonu lazımdır"
Zelenski eyni zamanda beynəlxalq mediaya verdiyi müsahibələrdə sülh perspektivlərinə də toxunub. O, ABŞ prezidenti Donald Trampa müraciət edərək bildirib ki, Kreml danışıqlarda "oyunlar" oynayır və buna aldanmaq olmaz.
Prezident açıq şəkildə vurğulayıb ki, təhlükəsizlik zəmanətləri olmadan istənilən atəşkəs Rusiyaya yenidən toparlanmaq və hücuma keçmək imkanı verəcək. Onun sözlərinə görə, Ukraynaya "fasilə" lazım deyil: "Bizə fasilə yox, müharibənin sonu lazımdır".
Zelenski hesab edir ki, təzyiq əsasən Moskvaya yönəlməlidir. O, xüsusilə Rusiyanın enerji sektoruna və "kölgə donanmasına" qarşı sanksiyaların gücləndirilməsini istəyir.
Eyni zamanda Ukraynanın öz hərbi istehsalını artırdığını bildirən prezident, ölkənin artıq dərinliklərdə yerləşən hədəflərə zərbə endirə bildiyini deyib. Onun fikrincə, müharibənin taleyi təkcə cəbhədə yox, həm də siyasi iradədə həll olunur.
"Putin bu müharibənin özüdür"
Zelenski açıq bəyan edib ki, bu müharibə iki dövlət arasında sıradan toqquşma deyil. Onun sözlərinə görə, məsələ bir nəfərin - Vladimir Putinin qərarından qaynaqlanır. "Putin -müharibənin özüdür, amma kişilər belə döyüşmür", - deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq və ölkəni "nimçədə təqdim etməyəcək". Prezident etiraf edib ki, cəmiyyət yorulub, lakin ərazi güzəştləri Ukraynanın parçalanmasına və yeni işğal dalğasına yol aça bilər.
Zelenski həmçinin qeyd edib ki, sülh sazişi sadəcə imzalanmamalı, həm də ukraynalılar tərəfindən qəbul edilməlidir. Onun sözlərinə görə, tarix indi Ukraynaya baxır və veriləcək qərarlar gələcək nəsillərin taleyini müəyyənləşdirəcək.
Dördüncü ilin tamamında Zelenskinin mesajı aydındır: Ukrayna həyatı müdafiə edir, dövlətçiliyini qoruyur və sülh istəyir - amma kapitulyasiya hesabına yox.