Bizi sosial şəbəkələrdən izləyin:
Oğuz rayon sakini Xəlil Tanverdiyev Baku TV-yə müraciət edərək çarəsiz vəziyyətdə olduğunu bildirib.
Onun sözlərinə görə, gözləri anadangəlmə zəif görür. İldən-ilə vəziyyəti daha da ağırlaşıb və hazırda görmə qabiliyyəti çox aşağı səviyyədədir.
Vətəndaş deyir ki, bir neçə dəfə Şəki və Oğuz Rayon Mərkəzi Xəstəxanalarında müayinədən keçsə də, əlilliyin təyin olunması üçün göndəriş ala bilmir.
Çətin şəraitdə və tənha yaşayan 59 yaşlı Xəlil Tanverdiyev aidiyyəti qurumlardan kömək istəyir:
"Gəlirim yoxdur. Süpürgəçi işləyirəm. Gözlərim demək olar ki, görmür. Əlillik təyin olunmasını istəyirəm. Həyat yoldaşım da məndən ayrılıb, uşaqları götürüb gedib", - deyə o bildirib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bildirilib ki, vətəndaş göndəriş aldıqdan sonra Mərkəzə müraciət edə bilər. Xəlil Tanverdiyev isə vəziyyətinin ağır olduğunu nəzərə alaraq göndərişin verilmə prosesinin tezləşdirilməsini xahiş edir.
Onun çətin şəraitdə yaşaması ilə bağlı isə Oğuz Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, vətəndaşın əvvəllər hər hansı müraciəti qeydə alınmayıb. Çəkilişdən sonra RİH başçısının Oğuz şəhəri üzrə nümayəndəsi onunla evində görüşüb, pensiya təminatı ilə bağlı hara və necə müraciət etməli olduğu barədə məlumat verib, maddi yardım göstərilməsi üçün rəsmi ərizəsi qəbul olunub. Bildirilib ki, yaxın müddətdə RİH tərəfindən ona maddi köməklik göstəriləcək.