Bizi sosial şəbəkələrdən izləyin:
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası qlobal diplomatiyada yeni mexanizm formalaşdırmaq cəhdi kimi təqdim olunur.
ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən platforma ənənəvi beynəlxalq institutlardan fərqli olaraq sürətli qərar, icra və maliyyə təminatı modelinə əsaslanır. 40-dan çox ölkənin iştirakı isə Vaşinqtonun hələ də geniş koalisiya toplamaq imkanına malik olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Şuranın əsas fokus nöqtəsi Qəzza zolağıdır. ABŞ Administrasiyası münaqişədən sonrakı dövrü humanitar böhran kimi deyil, təhlükəsizlik və idarəetmə transformasiyası problemi kimi təqdim edir. Bu çərçivədə HƏMAS-ın tərk-silahı, ərazinin hərbsizləşdirilməsi və mərkəzləşdirilmiş idarəetmə modelinin qurulması əsas şərt kimi irəli sürülür. Eyni zamanda ABŞ Quru Qoşunlarının bölgəyə göndərilməyəcəyi açıqlanıb. Bu isə yükün beynəlxalq koalisiya üzərində bölüşdürüləcəyini göstərir.
Artıq bir neçə ölkə Qəzzaya sabitləşdirmə qüvvələri göndərməyə razılıq verib. İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyanın iştirakı planın təhlükəsizlik komponentinin beynəlxalq xarakter daşıdığını göstərir.