Qərbi Azərbaycan Xronikası: Tey və Lök kəndlərində çox böyük faciələr törədilib - VİDEO
181
08:15, Bu gün

Qərbi Azərbaycan Xronikası: Tey və Lök kəndlərində çox böyük faciələr törədilib - VİDEO

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
 
Moderator.az xəbər verir ki, "Meğridə təkcə Lehvaz kəndində ermənilər yaşayırdılar" adlı veriliş Zəngəzur mahalı, Meğri rayonu, Lehvaz kənd sakini Cəmilə Babayevanın həyat hekayəsinə həsr olunub.
 
O, 1962-ci ildə anadan olduğunu, 10-cu sinfi bitirəndən sonra təhsillə əlaqədar Bakıya gəldiyini deyib: "Uşaqlıqdan daha çox sevdiyim mütaliə idi. Kənddə oxuduğumuz orta məktəb beynəlmiləl məktəb idi. Azərbaycanlı və erməni uşaqlar təhsil alırdılar. Erməni uşaqlarla ana dilimizdə danışırdıq. Ailəmiz 6 nəfərdən ibarət idi".
 
Onun sözlərinə görə, babası birinci erməni-müsəlman davasında deportasiya olunub, çox əziyyətlər çəkib: "Tey, Lök kəndlərində böyük qırğınlar olub. İnsanları samanlığa, ot yığılan anbarlara, tövlələrə yığıb ağzını bağlayıblar. Camaatın çoxu Zəngilana qaçıb. Azərbaycanlılara qarşı çox etinasız yanaşırdılar. Erməni xislətində bu soyuqluqlar cücərirdi, müsəlmanları sıxışdırırdılar. Meğridə təkcə Lehvazda ermənilər yaşayırdılar. Başqa kəndlərdə bir nəfər erməni yox idi".
 
Kənd sakini deyib ki, yay tətillərində rayona, kəndə gedirdim: "1987-ci ilin fevralında kəndə getmişdim. Anam dedi ki, nəsə, vəziyyət yaxşı deyil, söz-söhbət gəzir. Kənddə əhvali-ruhiyyə sönüb. Yəni kənddəki ermənilər bizə qarşı çox soyuq münasibət göstərirdilər. 1988-ci ildə Naxçıvandan gələn avtobusların, toy maşınlarının qabağını kəsirdilər. Vəziyyət çox gərginləşmişdi. Kəndin sovet sədri olan Hovik adlı bir erməni məktəbə gəlib, hamını kəndin klubuna yığıb demişdi ki, qərar var, hamınız bir nəfər kimi çıxmalısınız. Kimin qohumları vardı Ordubada gedirdi. Ordubada, İrana gedən yolları bağladılar. Yeğanə Zəngilana gedən dəmir yolu qalmışdı. Camaat Zəngilana gəldi, məktəblərdə, anbarlarda, onun-bunun qapısında qaldı. Atam və anam da Zəngilana, oradan da Bakıya gəldilər".
 
Vətənə qayıdış üçün darıxdığını söyləyən C.Babayeva bildirib ki, ata-baba yurdumuzu çox arzulayıram: "Tezliklə Zəfər qatarı gələcək. Zəngəzur dəhlizi açılacaq, elliklə, obalıqla biz o elimizə qayıdacağıq. Zəfər qatarında elliklə bütün Meğri camaatı qayıdacaq".
 
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər