Sosial şəbəkənin özbək ulduzundan etiraf:
207
11:22, Bu gün

Sosial şəbəkənin özbək ulduzundan etiraf: "Azərbaycan musiqisindən ən çox bir janrı sevirik" - VİDEO

Özbəkistanlı gənc ifaçılar öz musiqiləri ilə geniş auditoriyanın diqqətini cəlb ediblər.
 
Onların müxtəlif xalqların mahnılarını fərqli musiqi alətlərində səsləndirməsi insanların marağına səbəb olub.
 
Moderator.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı sözügedən gənclərdən biri olan Saidjon Mehriddinoviç ilə həmsöhbət olub.

Saidjon artıq bir neçə ildir, peşəkar şəkildə musiqi ilə məşğul olduğunu söyləyib.

O, hazırda konservatoriyaya hazırlaşdığını və karyerasını daha da inkişaf etdirməyi hədəflədiyini bildirib.

- Musiqiyə marağınız necə başladı?

- Uşaqlıq vaxtımdan. Ailəmizdə sənətə böyük sevgi var. Kənddə böyümüşəm və milli nəğmələr hər zaman qəlbimə çox yaxın olub.

- Hansı alətdə ifa edirsiniz?

- Əsasən, klarnetdə ifa edirəm. Klarnetin səsi çox təsirlidir və insan ruhunu dərindən ifadə edə bilir.

- Müxtəlif xalqların musiqilərini ifa etmək ideyası necə yarandı?

- Komandamızın əsas məqsədi musiqi vasitəsilə xalqları bir-birinə yaxınlaşdırmaqdır. Buna görə də fərqli millətlərin əsərlərini ifa etməyə başladıq.

- Mahnıları necə seçirsiniz?

- İlk növbədə, əsər qəlbimizə toxunmalıdır. Həmçinin dinləyicilərə duyğunu çatdıra bilən və milli ruhu əks etdirən parçaları seçirik.

- İndiyə qədər hansı ölkələrin musiqilərini ifa etmisiniz?

- İndiyə qədər Özbəkistan, Türkiyə, Azərbaycan və bir neçə başqa ölkənin musiqilərini ifa etmişik.

- Əsərləri öyrənmək çətin olurmu?

- Bəzən çətin olur, çünki hər xalqın musiqisinin özünəməxsus çalarları və üslubu var. Lakin bu proses olduqca maraqlı və zövqlüdür.

- Fərqli xalqların musiqilərində sizi ən çox təsirləndirən nədir?

- Hər xalqın musiqisində özünəməxsus tarix və duyğu var. Xüsusilə muğam quruluşları və milli nəğmələr məni çox təsirləndirir. Azərbaycanın da muğam üslubunda olan əsərlərini çox sevirik.

- Sizcə, musiqi xalqları birləşdirə bilərmi?

- Bəli. Musiqi dil tanımaz, qəlbdən danışar. Tək bir melodiya belə fərqli millətlərdən olan insanları eyni duyğuda birləşdirə bilər.

- Bu çıxışlar sizə nə qazandırdı?

- Mənə özünəinam, təcrübə və məsuliyyət qazandırdı. Ən önəmlisi isə tamaşaçı ilə canlı bağ qurmağı öyrətdi.

- Gələcəkdə hansı ölkənin musiqisini ifa etmək istərdiniz?

- Koreya, Avropa və ərəb ölkələrinin musiqilərini də ifa etmək istəyirəm.

- Bu sahədə arzularınız nələrdir?

- Beynəlxalq səhnələrdə çıxış etmək, özbək musiqisini dünyaya tanıtmaq və öz sənət məktəbimi qurmaq istəyirəm.

- Dinləyicilərinizə mesajınız var?

- Musiqini sevin və qəlbinizi hər zaman sənətlə qidalandırın.

- Yeni başlayanlara nə tövsiyə edərdiniz?

- Heç nə üçün gec deyil. Əgər qəlbinizdə musiqi varsa, bu gün başlayın. Zəhmət və səbir uğurun açarıdır.

Link kopyalandı!
Son xəbərlər