Hindistandan olan 28 yaşlı tiktoker Suraj Çavan qısa müddətdə internetdə böyük maraq dalğası yaradıb.
Moderator.az xəbər verir ki, sosial şəbəkələrdə bəzi istifadəçilər onu "hindistanlı Bieber" və hətta "Hindistanın ən yaraşıqlı kişisi" adlandırmağa başlayıblar.
Lakin bu bənzətmələr birmənalı qarşılanmayıb. Bir çoxları onun daha çox gənc Bari Alibasova oxşadığını qeyd edərək mövzu ətrafında müzakirələr aparıblar.
"Hindistanın Justin Bieber"i kimdir?
Son günlər qərb mediasında və sosial platformalarda Suraj Çavanın "Hindistanın ən yaraşıqlı kişisi" seçildiyi və ölkənin "Justin Bieber"i olduğu ilə bağlı xəbərlər yayılıb. Ancaq aparılan araşdırmalar bu məlumatların həqiqəti əks etdirmədiyini göstərir.
Məlum olub ki, Suraj Çavan kasıb ailədə böyüyüb və bir müddət gündəlik fəhlə kimi çalışıb. Onun məşhurlaşmasının əsas səbəbi isə xarici görünüşü deyil, Hindistanın populyar realiti şousu "Bigg Boss Marathi"nin qalibi olması və sosial şəbəkələrdə paylaşdığı sadə, səmimi videolardır.
Ona "Justin Bieber" ləqəbinin verilməsi isə daha çox 2010-cu illərdə məşhur olan Bieber saç düzümünə bənzər tərzinə görə zarafat və sarkazm xarakteri daşıyır. Eyni zamanda, Hindistanda "ən yaraşıqlı kişi" adı ilə bağlı hər hansı rəsmi seçim və ya səsvermə keçirilməyib. Bu ifadə sosial mediada yaranmış viral trenddən başqa bir şey deyil. /Milli.az/