Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Moderator.az xəbər verir ki, süjetdə Vaşinqtondan Əbu-Dabiyə uzanan sülh prosesi, Ermənistanda seçki qorxusu fonunda sülhün revanşistlər üçün təhlükəyə çevrilməsi, Ermənistanın baş naziri Nikol Paşinyanın seçki manevrləri və digər məsələlərdən bəhs olunur.
Bildirilir ki, Vaşinqtondan Əbu-Dabiyə qədər uzanan sülh prosesi Ermənistanda məhkəmə təxribatı ilə qarşılanıb:
"İrəvanda məhkəmənin Şahramanyanla bağlı qərarı sülhə qarşı açıq siyasi diversiyadır. Ermənistanın revanşist ssenarisi sülh prosesini daxildən pozmaq cəhdidir. Rəsmi İrəvan klassik siyasi texnologiyaya uyğun olaraq xaricə sülh mesajı verir, daxildə isə təxribatla məşğul olur. Seçki qorxusu fonunda sülh revanşistlər üçün təhlükəyə çevrilib. Ermənistan beynəlxalq hüquqa meydan oxuyur. Siyasi şantajlar dini humanizm pərdəsi altında separatçı keşişlərin oyunudur".
Qeyd olunur ki, Ermənistan idman arenasında da siyasi məqsədlər güdür və idmanı siyasi alətə çevirir:
"Beynəlxalq idman meydanında "Arsax" təbliğatı idman etikası adı altında həyata keçirilən təxribatdır. Ermənistanın yeni revanşizm dalğası məhkəmələrdə, olimpiadalarda və müxtəlif ekspert açıqlamalarında açıq şəkildə hiss olunur. Sülhə qarşı qorxu ritorikası Ermənistan cəmiyyətini çaşdırmağa xidmət edir".
Diqqətə çatdırılır ki, ABŞ-nin vitse-prezidentinə ünvanlanan müraciətlərin arxasında da İrəvanın manipulyasiyası dayanır:
"Konstitusiya dəyişdirilmədən sülh mümkün deyil və bu, Ermənistanın hüquqi dilemmasıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın seçki manevrləri ölkəni yeni risklərlə üz-üzə qoyur".
Sonda vurğulanır ki, Qərbi Azərbaycan İcması Ermənistan tərəfindən sülhün imitasiya edildiyini ifşa edir:
"Deportasiya olunmuş Qərbi azərbaycanlılar Ermənistan məhkəmələrinin gündəmində yer almır. Yandırılan kəndlər və dağıdılan məscidlər fonunda Ermənistanın ədalətdən danışması inandırıcı görünmür".