Bizi sosial şəbəkələrdən izləyin:
Biləsuvar rayonunun Nərimankənd kəndində körpü qəzalı vəziyyətə düşüb. Magistral yolun kəndi iki hissəyə ayırması səbəbindən yaşayış massivində məskunlaşan təxminən 100-ə yaxın ailə, demək olar ki, rayon mərkəzi ilə nəqliyyat əlaqəsini itirib.
Kənd sakinləri yaranan çətinlikləri Baku TV-yə belə təsvir ediblər:
"Maşınlar gəlib burada dayanır. Yükümüzü əlimizlə daşıyırıq, belimizdə, araba ilə aparırıq".
Digər bir sakin isə vəziyyətin təhlükəli həddə çatdığını vurğulayıb:
"Təcili tibbi yardım maşını keçə bilmir. O gün saray yandı, yanğınsöndürən maşın körpü qəzalı olduğu üçün əraziyə daxil ola bilmədi".
Nərimankənd bələdiyyəsinin sədr müavini Elbəyi Şixəliyev məsələyə münasibət bildirib:
"Sözügedən körpü ilə əlaqədar bildirmək istəyirəm ki, həmin körpü vətəndaşların vəsaiti hesabına qeyri-qanuni salınıb. Körpü müxtəlif vaxtlarda bələdiyyə tərəfindən əhali ilə bir yerdə təmir olunub. Hazırda körpü qəzalı vəziyyətdə olduğuna görə hökumət təşkilatları tərəfindən bağlanılıb. Biz əhali ilə söhbət etmişik. Qərara almışıq ki, əhalinin vəsaiti hesabına həmin körpü bərpa olunsun".