Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurmaqda ittiham edilən və 2019-cu ildə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin ölüm gecəsi ilə bağlı yayımlanan yeni təhlükəsizlik kamerası görüntüləri beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.
Moderator.az xəbər verir ki, Ədliyyə Nazirliyinin açıqladığı son sənədlərə əsasən, Epşteynin özünə qəsd etdiyi iddia edilən gecə kamerasının yerləşdiyi təcrid olunmuş mərtəbəyə doğru narıncı geyimli bir şəxsin hərəkət etdiyi müşahidə olunub.
Məlumata görə, 2019-cu il avqustun 9-da, saat 22:39 radələrində təhlükəsizlik kameraları Epşteynin kamerasına aparan pilləkənlərlə narıncı geyimli bir şəxsin yuxarı qalxdığını qeydə alıb. FTB sənədlərində bu şəxsin həmin mərtəbəyə aparılan başqa bir məhbus ola biləcəyi ehtimalı irəli sürülür. Qeyd olunur ki, bu detal əvvəlki rəsmi hesabatlarda yer almayıb.
CBS kanalının ekspert rəyləri ilə dəstəklənən analitik materialında vurğulanır ki, bu görüntülər Ədliyyə Nazirliyinin əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir və Epşteynin ölüm gecəsi ilə bağlı yeni suallar doğurur.
"Narıncı geyimli şəxs" kim idi?
Yeni sənədlərdə narıncı geyimli şəxsin çarşaf və ya yataq dəsti daşıyan naməlum bir həbsxana zabiti ola biləcəyi ehtimalı da irəli sürülür. Lakin diqqət çəkən məqam odur ki, Epşteynin öldüyü gecə növbətçi olan zabitlər bu şəxslə bağlı heç vaxt dindirilməyiblər.
FTB və Ədliyyə Nazirliyinin səsyazmaları da araşdırılıb, lakin həmin vaxt mərtəbədə kimin olduğu ilə bağlı dəqiq və tutarlı izah verilməyib.
Kameralardan biri işləməyib
Keçmiş FTB direktor müavini Dan Bongino da əvvəlki açıqlamalarında Epşteynin ölüm gecəsi həmin mərtəbədə mühafizəçidən başqa kimsənin olmadığını iddia etmişdi. Lakin sənədlər göstərir ki, kameralardan yalnız biri pilləkənləri qismən əhatə edib, digər kamera isə həmin gecə ümumiyyətlə işləməyib.
Yeni sübutlar fonunda Epşteynin ölüm işi ABŞ-da yenidən ictimai və hüquqi müzakirələrin mərkəzinə çevrilib. /Milli.az/