Bizi sosial şəbəkələrdən izləyin:
"Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülhə doğru addımlar atılır. Prosesə sadiqlik məsələsində də elə etibarlı tərəf kimi Azərbaycanı nümunə göstərmək olar. Belə ki, Qazaxıstan, Rusiya taxılının İrəvana Azərbaycan üzərindən göndərilməsinə rəsmi Bakının razılıq verməsi, Azərbaycana aid neft məhsullarının Ermənistana ixracı ölkəmizin Vaşinqton sülh razılaşmasına sadiqliyinin nümunəsidir".
Bu barədə Baku TV-nin videomaterialında bildirilir.
"Bəs bu nöqtədə rəsmi İrəvan nə edir?
"Biz müharibəyə hazırlaşmırıq və Azərbaycanla sərhəd məsələləri delimitasiya yolu ilə həll olunacaq", - deyə Paşinyan bildirib.
Politoloq Aydın Quliyevin sözlərinə görə, Paşinyanın belə bir fikir işlətməsi sülh prosesindən çıxmaq istəməsi demək deyil:
"Paşinyan gözəl anlayır ki, Azərbaycanla indiki şəraitdə sülh prosesindən çıxmaq və çıxmağa oxşayan hər hansı bir tövr nümayiş etdirmək onun üçün intihara bərabər ola bilər. Buna görə də həmin anormal bəyanat heç də Paşinyanın sülh prosesindən çıxmaq cəhdlərindən və yaxud niyyətindən xəbər vermir".
Qeyd edək ki, bu, son deyil. Ermənistanda bu yaxınlarda separatçılara abidə qoyulub. Abidənin açılışından şübhəsiz ki, şəhər rəhbərliyinin, hökumətin xəbəri olub. Sülh ərəfəsində bu cür abidələrin sökülməsi yerinə, separatçı-terrorçulara yeni abidələrin ucaldılması münasibətlərin bərpası məsələsinə İrəvanın qeyri-ciddi yanaşmasının başqa bir nümunəsidir. Ermənistan baş nazirinin açıqlamasına qayıtsaq, bəzi analitiklər bildirirlər ki, Ermənistanda seçki yaxınlaşdığı bir vaxtda rəqibləri Paşinyanı Azərbaycanın maraqlarına xidmət etməklə günahlandırırlar.
Baş nazirin belə açıqlaması məhz daxildəki proseslərə hesablanıb. Bildirmək lazımdır ki, delimitasiya prosesi hələ davam edir. Şərti sərhəddə ərazilərin hansı tərəfə məxsus olması ilə bağlı dəqiqləşmə getməyib. Odur ki, bunun üçün delimitasiya prosesi aparılmalıdır. Ekspertlər bildirirlər ki, delimitasiya komissiyasının işini genişləndirməklə belə ittihamlara son qoyula bilər", - deyə videoda qeyd olunub.