Diplomatiya və güc balansı: Qarabağ münaqişəsinin son mərhələsinin təhlili - VİDEO
231
01 Feb 2026 | 21:26

Diplomatiya və güc balansı: Qarabağ münaqişəsinin son mərhələsinin təhlili - VİDEO

Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında Qarabağ münaqişəsinin son mərhələsində tətbiq olunan məcburetmə strategiyası və bu yanaşmanın regionda yaratdığı yeni siyasi-hərbi reallıqlar təhlil olunub.
 
Verilişdə qeyd edilib ki, XXI əsrdə münaqişələrin nəticəsi təkcə döyüş meydanında deyil, qarşı tərəfin siyasi iradəsinə təsir göstərmək bacarığı ilə müəyyənləşir. Cənubi Qafqazda baş verən proseslər diplomatik təzyiq, güc nümayişi və mərhələli təsir mexanizmlərinin məqsədyönlü tətbiqinin real nəticələr verdiyini göstərib.
 
Bildirilib ki, məcburetmə strategiyası dörd əsas mərhələdən ibarətdir: diplomatik təzyiq, güc nümayişi, məhdud hərbi əməliyyatlar və tammiqyaslı müharibə. Qarabağ nümunəsində bu mərhələlər ardıcıl şəkildə tətbiq olunub və təhdidin aydınlığı ilə inandırıcılığı təmin edilib. Azərbaycan uzun illər diplomatik xətti qoruyaraq paralel şəkildə hərbi potensialını gücləndirib.
 
Vurğulanıb ki, 2020-ci ildə aparılan əməliyyatlar informasiya üstünlüyü, texnoloji imkanlar və sürətli qərar vermə sayəsində qısa müddətdə nəticə verib. Müharibədən sonrakı dövrdə isə məcburetmə strategiyası danışıqlar masasında sərt mövqelər, sərhəddə güc nümayişi və lokal təzyiq alətləri ilə davam etdirilib.
 
Qeyd edilib ki, 2023-cü ildə Qarabağda həyata keçirilən lokal əməliyyatlar bu strategiyanın növbəti mərhələsi olub və hüquqi əsaslandırma sayəsində ciddi beynəlxalq etirazlarla qarşılanmayıb. Yekunda bildirilib ki, Qarabağ təcrübəsi göstərdi ki, müasir münaqişələrdə həlledici amil silahların sayı deyil, risklərin düzgün hesablanması və siyasi-hərbi addımların vaxtında atılmasıdır.
Link kopyalandı!
Son xəbərlər