Qərbi Azərbaycan Xronikası: Erməni layihəsini Vatikan və Çar Rusiyası formalaşdırıb
193
08:04, Bu gün

Qərbi Azərbaycan Xronikası: Erməni layihəsini Vatikan və Çar Rusiyası formalaşdırıb

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli təqdimatında veriliş hazırlanıb.
 
Verilişdə Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi Rizvan Hüseynov 1720-ci ildən başlayaraq erməni məsələsinin necə geosiyasi alətə çevrildiyi haqqında danışıb.
 
O bildirib ki, I Pyotrun Qafqaz yürüşü zamanı erməni kartının ilk dəfə işə salınmasına başlanılıb:
 
"Erməni layihəsini Vatikan və Çar Rusiyası formalaşdırıb. Osmanlı və İran ərazilərindən ermənilərin köçürülməsi ilə demoqrafik mühəndislik həyata keçirilib. Bolşevik hakimiyyəti erməni ideologiyasını inşa edib. Erməni iddiaları həmişə Qərb və Rusiya maraqları ilə üst-üstə düşüb və bunun fonunda ermənilərin ərazi iddiaları ortaya çıxıb".
 
Onun sözlərinə görə, ermənilərin etnik tərkibi alban, qıpçaq, kürd və tat faktoru ilə bağlıdır:
 
"Dağ xalqları və vadi sivilizasiyasına iddia erməni tarixinin ziddiyyətidir. Ararat Respublikası layihəsi ilə bağlı ermənilərin öz tarixi etirafları mövcuddur. Kür-Araz mədəniyyəti ermənilərin tarixi iddialarının elmi iflasını göstərir. Sovet dövründən sonra erməni kimliyinin ideoloji böhranı başlanıb".
 
Rizvan Hüseynov Urartu yalanının mənbəyi və Sovet dövründə ortaya çıxmasının səbəblərindən söz açıb, həmçinin "Ermənilər yeni geosiyasi reallığa uyğunlaşacaq, yoxsa Ermənistanı tərk edəcək?" sualına aydınlıq gətirib.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər