Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "qaynar xətt"inə müraciət edən Zaqatala rayon sakini Nərminə Həsənova sosial yardım ala bilmədiyini deyib. O bildirib ki, həyat yoldaşı Həsən Həsənov Vətən müharibəsi iştirakçısıdır və keçirdiyi sarsıntılar səbəbindən əsəb sistemində yaranan problemlərə görə dəfələrlə müalicə alıb.
Maddi çətinliklərlə üzləşən ailə dolanışıq naminə Şəkinin Cuma kəndindən Zaqatalanın Lahıc kəndindəki fermalardan birinə köçmək məcburiyyətində qalıb.
"Üç balam təhsil almalıdır - ikisi məktəbə, biri isə hazırlığa getməlidir. Lakin yoxsulluq ucbatından onları məktəbə göndərə bilmirəm. Dövlət sosial yardım ayırsa, bizi evlə təmin etsə, mən də gedib öz evimdə oturaram. Hər bir ana kimi mən də övladlarımın məktəbə getməsini, oxumasını istəyirəm. Heç yerdən yardım almıram, sadəcə prezident təqaüdü 80 manat var. İmtina vururlar ki, iş lazımdır. Nə mən, nə də yoldaşım işləyə bilirik".
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Həsən Həsənovun həyat yoldaşı, Zaqatala rayon sakini Nərminə Elman qızı Həsənova ilə ailənin ünvanlı dövlət sosial yardım hüququnun müəyyən edilməsi ilə əlaqədar ilkin olaraq telefon vasitəsilə əlaqə yaradılıb. Danışıq zamanı məlum olub ki, ailənin yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2023-cü ildə olub. Həmin müraciətə ailənin ərizə-bəyannamədə göstərdiyi ünvanda yaşamaması səbəbindən imtina verilib.
"Bundan sonra ailənin sosial yardımla bağlı elektron sistemə müraciəti olmayıb. Hazırda ailə tərkibi 6 nəfərdən ibarətdir. Nərminə Həsənova 8 yaşadək uşağa qulluq edən şəxs, həyat yoldaşı isə ailənin əmək qabiliyyətli üzvü olsa da, məşğulluğu olmayan şəxsdir. Bu səbəblə hazırda ailənin ünvanlı dövlət sosial yardım hüququ yaranmır", - qurumdan bildirilib.
Ailənin vəziyyəti ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş Həsən Namiq oğlu Həsənov Şəkinin Cumakənd kəndində qeydiyyatdadır: "Ailənin böyük olması nəzərə alınaraq Cumakənd kənd inzibati ərazi üzrə nümayəndəlik tərəfindən 2025-ci ilin yay aylarında kəndin Palmet adlanan yaşayış məntəqəsində yerləşən köhnə məktəb binasında iki otaq ayrılaraq yaşayış üçün şərait yaradılıb. Ailəyə maddi köməklik göstərilib. Cumakənddə yaşadıqları müddətdə Həsən Həsənovun iki övladı məktəbə gedib. Ailəyə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 2022-2025-ci illər ərzində ümumilikdə 600 manat məbləğində maddi yardım göstərilib".