126
15:57, Bu gün

"Haber Global": "20 Yanvar Azərbaycanın müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu"

"36 il əvvəl sovet tanklarının Bakıya girməsinin qarşısını almağa çalışan 147 azərbaycanlı şəhid olub. Bu gün qardaş xalqımız Bakı qırğınının qurbanlarını anır".
 
Moderator.az xəbər verir ki, bu sözlər Türkiyənin "Haber Global" telekanalında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlanan reportajda ​​yer alıb.
 
Materialda Azərbaycan xalqının şəhidlərini unutmadığı vurğulanıb:
 
"Təqvimdə 20 Yanvar 1990-cı il göstərilirdi. Sovet tankları Azərbaycanın paytaxtı Bakıya daxil oldu, 147 nəfər onları dayandırdı. Şəhidlərin ağrısı hələ də ilk gün kimi təzə olsa da, Azərbaycan 20 Yanvarı qürurla xatırlayır və qəhrəman övladlarını unutmur".
 
Süjetdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin xatirəsini yad edib:
 
"Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti edib. Ölkə rəhbəri mərasimdə "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub və burada Azərbaycan Dövlət Himni səsləndirilib. Azərbaycandakı diplomatik nümayəndəliklərin təmsilçiləri də 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər".
 
Reportajın sonunda qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsi olub:
 
"20 Yanvar Azərbaycanın müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu. Çünki 1990-cı ilin o qanlı günündə Azərbaycan həyatı bahasına olsa belə, sovet zülmünə boyun əyməyəcəyini göstərdi. 20 Yanvar müqaviməti Sovet İttifaqının dağılmasını sürətləndirdi və Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı. Azərbaycan müstəqilliyini qanlı yanvardan 1 il 9 ay sonra - 18 oktyabr 1991-ci ildə elan etdi".
Link kopyalandı!
Son xəbərlər