Tanklar, güllələr və zirzəmidə keçən üç əzablı gün:
620
13:25, Bu gün

Tanklar, güllələr və zirzəmidə keçən üç əzablı gün: "Məndən xəbər çıxmadığına görə atam həyəcan keçirib vəfat etdi"

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının yaddaşına qanla yazılan bir gecə oldu. Sovet hökumətinin həmin gecə planlı şəkildə Bakıda mülki əhaliyə qarşı həyata keçirdiyi amansız qətliamın canlı şahidlərindən biri də Seyran Dursun oğlu Əbdürrəhmanovdur.

Faciə vaxtı üç gün ac-susuz zirzəmidə qalan Seyran Əbdürrəhmanov Oxu.az-a müsahibəsində bildirib ki, Moskvadan göndərilən xüsusi təyinatlı "Alfa" qrupu şahidlərin qalmamasına çalışır, buna görə yaralıları yenidən güllələyirmiş.

- 20 yanvar günü hadisələr necə cərəyan etdi? Nələr baş verdi?

- 1988-ci ildə Ermənistandan qaçqın düşərək Azərbaycana gəldim. 1990-cı ildə Bakıda "Taksimatornı" (o vaxt 1 nömrəli taksi parkı - red.) adlanan yerdə işləyirdim. Dedilər ki, Mixail Qorbaçov "Alfa" qrupunu (KQB-nin xüsusi təyinatlı hərbçiləri) Bakıya göndərib. Maşınlar, avtobuslar ilə yolları bağlamışdıq ki, onlar Bakıya girə bilməsinlər.

Gözləyirdik ki, Bakı ətrafından gələcəklər, lakin onları "Salyan kazarması"nda yerləşdiribmişlər, elə o kazarmadan da tankla hərəkətə başladılar. Həmin vaxt XI Qızıl Ordunun dəstəsi isə "Nasosnu" (indiki Hacı Zeynalabdin qəsəbəsi - red.) adlanan ərazidən gətirildi.

Camaatı aldatdılar. Dedilər ki, qorxmayın, rezin güllələr olacaq, qaçmayın. Lakin hücum edəndə gördük ki, əsl güllələrdən istifadə edirlər. Biz "Taksimatornı" ilə "Salyan kazarması"nın arasında durub yolu kəsmişdik. Tanklarla "Taksimatornı"dakı avtodayanacağın divarlarını uçurdular. Nəinki küçədə olanları, hətta evləri də gülləbaran edirdilər. Adamlardan birini evinin mətbəxində vurmuşdular.

Tanklar, güllələr və zirzəmidə keçən üç əzablı gün: Məndən xəbər çıxmadığına görə atam həyəcan keçirib vəfat etdi

Maşınların arxasında gizlənirdik ki, güllə dəyməsin. Tanklarla maşınların üstündən keçdilər. Mənim həmin vaxt sol ayağım iki maşının arasında qaldı. Dizim zədə aldı, sındı.

Silahlılar çalışırdılar ki, sağ adam qalmasın, çünki hadisələrin şahidlərinin qalması onlara sərf etmirdi. Yaralıları yenidən güllələyirdilər. Orada bir gizir, bir də leytenant var idi. Onlar imkan vermədilər ki, bizi öldürsünlər. Mənimlə birgə 36 nəfər yaralı var idi. Bizi ayağımızdan tutaraq sürüyüb hərbi hissəyə apardılar. Üç gün zirzəmidə ac, susuz qaldıq. Leytenant ilə gizir hamımızı PDM-lərə (piyadaların döyüş maşını) qoyub, hospitala apardılar, oradan təcili yardım maşınları ilə bizi "Semaşko"ya (indiki Kliniki Tibbi Mərkəz - red.) gətirdilər. "Semaşko"da ayağımı gipsə qoydular.

Tanklar, güllələr və zirzəmidə keçən üç əzablı gün: Məndən xəbər çıxmadığına görə atam həyəcan keçirib vəfat etdi

- O vaxt bu qəddarlığın səbəbini nədə görürdünüz?

- Məni ən çox təsirləndirən o idi ki, həmin vaxt zərər görən insanların heç bir günahı yox idi. Günahsız yerə Azərbaycan xalqına zülm etdilər. Biz müstəqil olmaq istəyirdik deyə Mixail Qorbaçov belə faciə törətdi. 20 Yanvar müstəqillik qazanmağımız üçün bir dönüş nöqtəsi oldu.

- Hadisələri yenidən xatırlayanda hansı hissləri keçirirsiniz?

- Olanları xatırlamaq... Nə bilim, nə deyim? Çox pis xatirələrdir. O günlər getsin, bir də gəlməsin. Çox pisdir, çox pis...

Mən zirzəmidə olanda "Alfa" qrupunun dəstəsində olanlar gəlib hamımızı avtomatla döyürdülər. Deyirdilər ki: "Siz M.Qorbaçovun əksinə gedirsiniz. Onun əksinə gedə bilməzsiniz. Əks halda sizi qıracağıq".

Bir kişi həmin vaxt Mixail Qorbaçovu söymüşdü deyə onu çox pis döyürdülər. Ağzı qanla dolurdu. Onu yanı üstə çevirirdim ki, qanında boğulub ölməsin. O öz balasını, ailəsini görəndən sonra öldü.

Tanklar, güllələr və zirzəmidə keçən üç əzablı gün: Məndən xəbər çıxmadığına görə atam həyəcan keçirib vəfat etdi

Məni də o qədər döymüşdülər ki, hələ də onun əziyyətini çəkirəm. Cavan oğlan idim, o vaxtdan xəstə düşdüm. Qorxudan şəkər tutdum, ürəyimdə problem yarandı, əməliyyat edildim, dörd stent qoyuldu. Bir gözüm görmür, biri zəifdir. Avtomatı adama tuşlayanda istər-istəməz qorxu hissi yaranır. Silahın zəhmi çox olur. Mən özümü yox, ata-anamı fikirləşirdim ki, onlar nə hiss keçirərlər.

Bilirsiniz, Qarabağ uğrunda gedən müharibə belə idi ki, bir silah səndə, bir silah düşməndə idi. Burada isə silahlıların qabağına əliyalın çıxmışdıq.

Mən evin sonbeşiyiyəm. Həmin vaxt üç gün məndən xəbər çıxmadığına görə atam həyəcan keçirib vəfat etdi.

- Qorxu ilə insanları susdura bildilər?

- Qətiyyən. İnsanlar faciədən iki gün sonra şəhidləri dəfn etdilər. Hamı küçələrə axışmışdı. Bir nəfər evdə qalmamışdı. Azadlıq meydanı dağılırdı.

Tanklar, güllələr və zirzəmidə keçən üç əzablı gün: Məndən xəbər çıxmadığına görə atam həyəcan keçirib vəfat etdi

- Hadisədən sonra Bakı necə görünürdü?

- Bakı xarabalığa dönmüşdü. Hər tərəf dağılmışdı. Elə bil şəhərə bomba atmışdılar.

- 20 Yanvar yalnız matəm günüdür, yoxsa həm də qəhrəmanlıq dastanıdır?

- Əlbəttə ki, qəhrəmanlıq dastanıdır. Həmin gün şəhid olanlar silahsız mübarizə aparırdılar. Silahın qabağına əliyalın çıxmaq isə birbaşa ölüm deməkdir.

Link kopyalandı!
Son xəbərlər