Arxiv sənədlərinə əsaslanan roman: Daşnakların törətdiyi cinayətlər bir kitabda
249
08:20, Bu gün

Arxiv sənədlərinə əsaslanan roman: Daşnakların törətdiyi cinayətlər bir kitabda

Baku TV-nin "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi iqtisadçı Asif Muradzadə olub. O, ata-baba yurdu Qarakilsə rayonundan, qayğısız uşaqlıq illərini yaşadığı Ağdü və Şəki kəndlərindən, valideynlərinin ötən əsrin ikinci yarısında Qərbi Azərbaycanı tərk etmə səbəbindən söhbət açıb.
 
Müsahib bildirib ki, atası Sevindik Murad oğlu İmanov Qarakilsə rayonunun Ağdü kəndində, anası Səmayə Aslan qızı İmanova isə Şəki kəndində anadan olub və orada ilk və orta təhsillərini alıblar. Ali təhsil aldıqları müddətdə Naxçıvanda tanış olub, ailə həyatı qurublar. Sonralar Ağdü kənd orta məktəbində müəllim işləyiblər.
 
Lakin ermənilərin soydaşlarımıza qarşı ayrı-seçkilik və təqib siyasəti vaxtilə müsahibimizin babası Aslan kişini tarixi yurdundan didərgin saldığı kimi, valideynlərini də Ağdünü tərk etməyə məcbur edib. Gənc ailə Azərbaycanın Yevlax rayonuna pənah gətirib.
 
A.Muradzadə qeyd edib ki, yay aylarında valideynləri ilə birlikdə Ağdü və Şəki kəndlərinə gedir. O, vurğulayıb ki, hər iki kənd uşaqlıq xatirələrində böyük yer tutur.
 
Müsahib müəllifi olduğu "Ayrılığın sonu varmış" romanından da danışıb. Bildirib ki, romanda daşnakların Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, ermənilərin dövlət səviyyəsində soydaşlarımıza qarşı törətdiyi cinayətlər tarixi mənbələrə, yaşlı insanların xatirələrinə və arxiv materiallarına əsaslanaraq, müxtəlif obrazların dili ilə oxuculara çatdırılıb. Romanda ermənilərin maddi və mənəvi dəyərlərimizə vurduğu zərbə əsas süjet xəttini təşkil edir. Müəllifin sözlərinə görə, kitab oxucular tərəfindən müsbət qarşılanır.
 
1987-1991-ci illərdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına toxunan A.Muradzadə deyib ki, o dövrdə başımıza gətirilən müsibətlərin kökündə xalqımızın rəhbərsizliyi dayanıb. Millətçi ermənilər bundan istifadə edərək soydaşlarımızı ata-baba yurdundan didərgin salıb və Qarabağda separatçılığa yol açıblar.
 
A.Muradzadə həmçinin öz təşəbbüsü və maliyyəsi hesabına ərsəyə gətirdiyi "Qerbiazerbaycanim.com" saytının fəaliyyətinə toxunub. Bildirib ki, saytda Qərbi Azərbaycanın bütün yaşayış məntəqələri tarixi adlar və əzəli toponimlər ilə qeyd olunur, bu yerlərin əzəli sakinlərinin Azərbaycan türkləri olduğu daha geniş auditoriyaya çatdırılır. Müsahib saytın hazırlanması prosesində Qərbi azərbaycanlılarla çoxsaylı görüşlər keçirdiyini xatırladıb. Vurğulayıb ki, soydaşlarımız tarixi Vətənə qayıtmaq ümidi ilə yaşayırlar.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər