Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Buraxılışda Əməkdar mədəniyyət işçisi Asya Şirəliyeva Qərbi Azərbaycan xalçalarının semantikası və onların üzərindən oxunan deportasiya yaddaşı barədə danışıb.
O bildirib ki, Qərbi Azərbaycan xalçalarında rənglərin gizli semantikası mövcuddur:
"Təbii boyalarla toxunan xalçalar yüzillərlə solmur. Qərbi Azərbaycan xalça məktəbi Azərbaycan xalçaçılığında xüsusi yer tutur. Dağlıq iqlim xalça texnikasına həmişə təsir edib. Qərbi Azərbaycan xalçalarında ümumtürk estetik kodlar var. Bu xalçalar etnik identikliyin vizual xəritəsidir".
Onun sözlərinə görə, Qərbi Azərbaycan xalçaları təkcə mədəni irs olmaqla kifayətlənmir, həm də siyasi yaddaşı əks etdirir.
A.Şirəliyeva həmçinin İrəvan xalçaları ilə Qarabağ xalçaları arasındakı gizli əlaqədən də söz açıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.