Etibar Məmmədovdan İran açıqlaması: “O jurnalistlər xüsusi xidmət orqanlarına məlumat ötürür, bizdə isə...”
1897
12:14, Bu gün

Etibar Məmmədovdan İran açıqlaması: “O jurnalistlər xüsusi xidmət orqanlarına məlumat ötürür, bizdə isə...”

“İranda buna qədər də mütəmadi narazılıq və toqquşmalarla müşayiət olunan hadisələr baş verirdi. İndi isə vəziyyət fərqlidir. ABŞ-nin və İsrailin İranı bombalaması və rəhbər kadrların aradan götürülməsi İrana çox böyük zərbə oldu. Bunun ardınca isə bu hadisələrin başlanması və Donald Trampın da etirazlar fonunda hadisələrə  birbaşa müdaxilə çıxışları, nəhayət şahın oğlunun da  fəallaşması artıq hazırlığın göstəricisidir”. 
 
Bunu  Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov TV Müsavat-ın canlı efirində, Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı söhbət” verilişində deyib. O bildirib ki, Azərbaycan İran və Cənubi Azərbaycandakı hadisələrin gedişatına uyğun olaraq hazır olmalıdır:
 
“Çünki İran Azərbaycan üçün həmişə təhdid olub və bu, indi də belədir. Orada baş verən hadisələr Azərbaycana birbaşa təsir göstərmək istiqamətindədir. Biz buna indiyə qədər hazır olmalı idik. Lakin ABŞ-dən bizə xəbərdarlıq edirlər ki, hazır olun. Bu, olduqca xoşa gəlməyən məqamdır. Biz hadisələrin istənilən formada inkişafına hazır olmalıyıq. Qonşu dövlətdə baş verən hadisələr bizim üçün ssenariləşməlidir. Biz təhlil etməliyik ki, baş verənlərdən nə bizim xeyrimizə olar və ya nələr bizi təhdid edər.
 
İranda milyonlarla azərbaycanlı yaşayır və buna görə də orada baş verənlər həmişə bizim üçün maraqlı olmalıdır. Bizim iranşünas jurnalistlərimiz və ya İranda müxbir məntəqələrimiz varmı? İrandan jurnalist səviyyəsində birbaşa məlumat ala bilirikmi? Təəssüf ki, birbaşa əlaqə yoxdur. Bəs necə olur ki, “Reuters”, “Associated Press” oradan təfərrüatlı məlumatlar ötürür. Onlar yolunu tapıb və məlumatları vaxtında ala bilirlər. Bu media qurumları öz xüsusi xidmət orqanlarına məlumatlar ötürərək, onları istənilən ssenariyə hazır olmağa kömək edirlər.
 
Biz isə məlumatları xarici mətbuat orqanı vasitəsi ilə alırıq. Onların da öz mövqeyi, tərəfləri və maraqları var. Rus jurnalistlə Qərbdən olan jurnalist İrandakı hadisələri eyni baxışla işıqlandırmır. Maraq fərqi var. Bizdə hətta sosial şəbəkələrdə molla rejimini müdafiə edən ünsürlər də meydana çıxıblar. Görünür onlar da əvvəldən baş verənlərə hazırlıqlı olublar və özlərini sıravi vətəndaş kimi göstərərək rejimi müdafiəyə keçiblər.
 
AMEA-da iranşünaslıq istiqaməti varmı? Tarix institutunda İran şöbəsi varmı? Yoxdur. Güney Azərbaycan haqqında bizim təfərrüatlı məlumatımız yoxdur. Ermənistan bu məsələdə bizdən irəlidədir. İrəvan universiteti Təbriz universiteti ilə müqavilə bağlayıb. Onlar tarix sahəsində araşdırma edirlər.
 
İrandakı bəluclar kifayət qədər təşkilatlanıblar və qüvvələri var. Kürdlərin isə 6 partiyası var. Xuzistanda ərəblər də yaxşı təşkilatlanıblar. Bəs Güney Azərbaycanda hansı siyasi qüvvələr var və İran parlamentində hansı nümayəndəsi var? Bunlar haqqında çox cüzi məlumatımız var. Heç olmasa indi bu istiqamətdə hazırlaşmalıyıq”. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər