1916
12:49, Bu gün

"Rusiyanın Ukraynaya hücumları dərinləşir: mülki şəhərlər hədəfdədir" - Ukrayna KİV-ləri

 
"Mülki şəhərlər bombalanır, enerji infrastrukturu sıradan çıxarılır və müharibə yeni, daha təhlükəli mərhələyə keçir..."
 
Yanvarın 10-da Rusiya ordusu Ukraynanın bir neçə bölgəsinə paralel və intensiv zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, ən ağır hücumlardan biri Slavyansk şəhərinə olub. 250 kiloqramlıq idarəolunan aviasiya bombasının yaşayış məhəlləsinə düşməsi nəticəsində 7 mülki şəxs yaralanıb. Dağıntılar beş çoxmərtəbəli bina, 20-dən çox fərdi ev, mağaza, qaraj və avtomobilləri əhatə edib.
 
Hadisə yerində polis və xilasedicilər işləyir, hücumun nəticələri sənədləşdirilir. Eyni zamanda Donetsk vilayətinin Kramatorsk rayonu da atəşə tutulub. Zelyonoye kəndində fərdi yaşayış evi dağılıb, dağıntılar altından 1958-ci il təvəllüdlü qadının cəsədi çıxarılıb. Daha bir nəfər yaralanıb, yanğınlar söndürülüb.
 
"Oreşnik"dən istifadə və beynəlxalq gərginlik

Gecə saatlarında Rusiya Lvov vilayətinə "Oreşnik" raket kompleksi ilə zərbə endirib. Zərbə kritik infrastruktura dəyib, şəhər üzərində alovlu səma görüntüləri yayılıb. Ukrayna mediası hücumu yeni silah növünün tətbiqi ilə əlaqələndirib, daha sonra Moskva "Oreşnik"dən istifadə faktını təsdiqləyib. Ümumilikdə ölkə üzrə raket və dron hücumları nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.
 
Kiyevdə xilasedicilər və tibb işçiləri də daxil olmaqla 20-dən çox yaralı var, paytaxtın bir hissəsi müvəqqəti olaraq susuz qalıb. Rəsmi Kiyev hücumu "Avropanın təhlükəsizliyinə təhdid" adlandıraraq BMT Təhlükəsizlik Şurası, NATO və Avropa qurumları çərçivəsində təcili məsləhətləşmələr başladacağını açıqlayıb.
 
Enerji böhranı və Ukraynanın cavab zərbələri
 
Zərbələr enerji sisteminə də ciddi təsir göstərib. Zaporojye və Dnepropetrovsk vilayətlərində gecə "blekaut" yaşanıb, Kiyev və ətraf rayonlarda fövqəladə elektrik kəsintiləri tətbiq edilib. Hakimiyyət bildirir ki, enerji infrastrukturu hələ əvvəlki hücumların nəticələrini tam aradan qaldıra bilməyib və aşağı temperatur vəziyyəti daha da çətinləşdirir.
 
Bunun fonunda Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətində yerləşən neft bazasına, eləcə də işğal altındakı Zaporojye və Donetsk ərazilərində PUA anbarları və idarəetmə məntəqələrinə zərbələr endirib. Rəsmi məlumata görə, bu obyektlər Rusiya qoşunlarının yanacaq və logistik təminatında mühüm rol oynayır, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər