Bizi sosial şəbəkələrdən izləyin:
İllərdir Bakıda daşınmaz əmlak bazarında davamlı qiymət artımları müşahidə olunurdu. Bəzi dövrlərdə bu artım illik 10, hətta 20 faizə qədər yüksəlirdi. Lakin ekspertlərin fikrincə, ötən ilin - yəni 2025-ci ilin ikinci yarısından etibarən bazar yeni mərhələyə keçib və durğunluq açıq şəkildə hiss olunur. Başqa sözlə, uzun illərdən sonra əmlak bazarında artım tendensiyasının dəyişdiyi müşahidə edilir.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda bazar real alqı-satqı əməliyyatlarından daha çox ipoteka kreditləri və tikinti şirkətlərinin daxili kredit mexanizmləri hesabına aktivliyini qoruyur.
Ekspert bildirib ki, paytaxtda aparılan söküntü işləri də tələbatın istiqamətini dəyişib. Artıq alıcı marağı mərkəzi ərazilərdən kənar zonalara yönəlib.
Mütəxəssislər qeyd edirlər ki, Bakının mərkəzində yeni tikililərin sayının azalması bazarda rəqabəti zəiflədib. Bu amil uzun illər ərzində qiymətlərin süni şəkildə yüksək səviyyədə qalmasına səbəb olub. Lakin alıcı marağının azalması bu modelin uzunmüddətli olmadığını göstərir.
Ekspertlərin proqnozlarına əsasən, 2026-cı ildə daşınmaz əmlak bazarında kəskin bahalaşma gözlənilmir.