401
15:34, Bu gün

"Diktatora ölüm": İranda kütləvi etirazlar davam edir" - İsrail mətbuatı

 
"Rza şahın oğlu etirazçılara müraciət edib..."
 
İranda artıq üçüncü gündür ki, 2022-ci ildən bəri ən genişmiqyaslı etiraz aksiyaları davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri məlumat yayıb.
 
Etirazlar dekabrın 28-dən başlayaraq Tehran, İsfahan, Şiraz, Məşhəd və digər iri şəhərləri əhatə edib. Hadisələrin episentrinə çevrilən Tehranın Böyük Bazar ərazisində yüzlərlə ticarətçi mağazalarını bağlayaraq iqtisadi vəziyyətin kəskin pisləşməsinə etiraz edib. Aksiyalara aparıcı universitetlərin tələbələri, eləcə də kiçik və orta biznes nümayəndələri qoşulub.
 
Şəhərlərdə polis və xüsusi təyinatlıların sayı artırılıb, bəzi rayonlarda toqquşmalar baş verib, gözyaşardıcı qazdan istifadə olunub, küçələr bağlanıb. Sosial şəbəkələrdə təhlükəsizlik qüvvələrinin nümayişçiləri dağıtmasını əks etdirən videolar sürətlə yayılır.
 
İqtisadi uçurum etirazı alovlandırıb
 
Etirazların ilk səbəbi dərinləşən iqtisadi böhran olub. Qərb sanksiyaları fonunda İran ağır maliyyə böhranı yaşayır, inflyasiya isə nəzarətdən çıxıb. Dekabrın 29-da rial açıq bazarda tarixi minimuma enərək bir dollar üçün təxminən 1,4 milyon riala çatıb. Bu, əhalinin real alıcılıq qabiliyyətini əks etdirən faktiki məzənnədir.
 
Valyuta çöküşündən sonra Mərkəzi Bankın rəhbəri istefa verib. Rəsmi statistikaya görə, illik inflyasiya 42 faizdən çoxdur, ərzaq qiymətləri bir ildə 70 faizdən artıq bahalaşıb, dərmanlar isə təxminən 50 faiz artıb. Halbuki martın 21-dən başlayacaq yeni maliyyə ili üçün büdcədə maaş və pensiyaların cəmi 20 faiz indeksasiyası nəzərdə tutulur. Üstəlik, benzin qiymətlərinin artırılması və yeni vergilərlə bağlı xəbərlər narazılığı daha da gücləndirib.
 
Sosial etirazdan siyasi çağırışlara
 
Qısa müddətdə etirazlar sosial tələblər çərçivəsini aşaraq açıq siyasi xarakter alıb. Küçələrdə "Diktatora ölüm", "Bu, son döyüşdür - Pəhləvi qayıdır" kimi şüarlar səslənir.
 

 
Keçmiş şahın oğlu Rza Pəhləvi isə iştirakçılara müraciət edib. "Mən bütün iranlıları milli miqyaslı tətil və etirazlara qoşulmağa çağırıram: dövlət qulluqçularını, energetika və nəqliyyat işçilərini, yük maşını sürücülərini, tibb bacılarını, müəllim və alimləri, sənayeçiləri və sahibkarları, pensiyaçılar və malını itirənləri - hamınızı birləşməyə və bu milli hərəkatda iştirak etməyə səsləyirəm", -  Pəhləvi yazıb və hazırda əsas olanın küçələrə çıxmaq olduğunu bildirib.
Bu çağırışlar ali lider Əli Xameneiyə birbaşa meydan oxuma və 1979-cu ildə devrilmiş Pəhləvi sülaləsinə nostaljinin açıq ifadəsi kimi qiymətləndirilir. Xüsusi simvola çevrilən "Nə Qəzza, nə Livan - canım İrana qurban" şüarı isə hakimiyyətin xarici avantüralarına və ölkə xaricində xərclənən vəsaitlərə qarşı sərt etitazdır.
 
Hakimiyyətin cavabı və artan risklər
 
Prezident Məsud Pezeşkian bir tərəfdən Daxili İşlər Nazirliyinə etirazçılarla dialoq tapşırığı verdiyini açıqlasa da, digər tərəfdən "istənilən aqressiyaya sərt cavab" veriləcəyini bəyan edib. Bu isə güc tətbiqinin gündəmdə qaldığını göstərir.
 
Hələlik etirazların rejimin devrilməsinə yönələn açıq cəhdə çevrilib-çevrilməyəcəyi bəlli deyil. Ancaq aksiyaların miqyası, şüarların radikallaşması və iqtisadi böhranın dərinliyi indiki dalğanı əvvəlkilərdən daha təhlükəli edir. İranda küçə artıq təkcə çörək yox, hakimiyyətin özü üçün də söz deməyə başlayıb.
Link kopyalandı!
Son xəbərlər