Bizi sosial şəbəkələrdən izləyin:
Ceyranbatan qəsəbəsi, Bağlar massivində yaşayan sakinlər uzun illərdir ki, yol problemindən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, yolun düzəlməməsinin əsas səbəbi ərazidən keçən 12 metrlik su borusunun su-kanal idarəsi tərəfindən dəyişdirilməməsidir.
Sakinlər mövcud vəziyyətlə bağlı bunları qeyd ediblər:
"Biz baş idarəyə müraciət etdik. Oradan bildirildi ki, mümkünsə borunu özünüz alın. Sağ olsunlar, qonşularla hərəmiz 3-5 manatdan yığıb 200 manatdan artıq vəsaitə boru alıb gətirmişik. Bir həftədən artıqdır ki, baş idarəyə müraciət edirik, amma gələn yoxdur. Qəza xidmətinə zəng edirik, telefonu açmırlar".
"Bu yolu abadlaşdırmaq üçün ilk növbədə xətləri dəyişməliyik. Küçədə yaşayan sakinlərlə rəsmi qaydada imzalar toplayıb su idarəsinə və qəza xidmətinə müraciət etmişik. Dəfələrlə deməyimizə baxmayaraq, bizi hər gün aldadırlar".
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, məsələ müvafiq rayon su-kanal idarəsinə yönləndirilib. Araşdırma aparıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Indi sakinlərin edə biləcəyi tək iş tədbirlərin görülməsini gözləməkdir.