Qərbi Azərbaycan Xronikası: Addəyişmə terroruna məruz qalan Baş Abdalar kəndi - VİDEO
316
08:01, Bu gün

Qərbi Azərbaycan Xronikası: Addəyişmə terroruna məruz qalan Baş Abdalar kəndi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Baş Abdalar kəndi niyə Təzəgyuğ kimi göstərilir?" adlı süjet hazırlanıb. Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baş Abaran, Baş Abdalar və Başkənd toponimi haqqında söz açılır.
 
Bildirilir ki, Qərbi Azərbaycan torpaqlarının havadarları tərəfindən ermənilərə verilməsi və azərbaycanlıların yurdlarından qovulmasından sonra bu ərazilərdə oğuz-türk toponimlərinin erməniləşdirilməsinə başlanılıb.
 
Baş Abaran - Karpibasar mahalı ərazisində kənd adıdır. Həmçinin Abaran, sonralar Aparan adlandırılan rayonunda şəhər tipli qəsəbə və rayon mərkəzidir. Tarixi mənbələrdə 10-cu əsrdən adı çəkilir. Ermənilər buraya, əsasən, 1914-1918-ci illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülüblər. 1935-ci ildə adı dəyişdirilib Aparan qoyulub.
 
Baş Abdalar - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk və Abovyan adlandırılan rayonun daxilində kənd olub. Erməni mənbələrində kəndin adı Təzəgyuğ kimi göstərilir. 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunub və kənd ləğv edilərək xarabalığa çevrilib.
 
Başkənd - Göyçə mahalının Kəvər, sonralar Kamo adlandırılan rayonda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Ermənilər buraya 1828-1829-cu, 1914-1919-cu illərdə Türkiyənin Alaşkerd, Muş və Bulanis vilayətlərindən köçürülüblər. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qovulsalar da 1920-ci ildə yenidən doğma kəndə dönüblər. Onlar 1930-cu illərin sonunda Ermənistandakı Qarabağlar rayonuna, bu rayon ləğv edildikdən sonra isə 1948-1950-ci illərdə Azərbaycana köçürülüblər. Kəndin ilk adı Göyçə Başkəndi olub. Sonradan "Göyçə" sözü çıxarılıb və kənd Başkənd adlandırılıb. 1946-cı ildə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulub.
 
Sonda vurğulanır ki, Qərbi Azərbaycandakı qədim yurd yerlərimiz soydaşlarımız üçün doğma olmaqla yanaşı, həm də tarixi məsələdir: "Təbii ki, o yurdlardan deportasiya olunan azərbaycanlılar isti ocaqlarından heç vaxt vaz keçməyiblər. Məhz qayıdış hədəfindən imtina etməmək o torpaqların bizə məxsusluğundan qaynaqlanan əbədi haqdır".
 
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər