"Raketlər, dronlar və qaranlığa qərq olan şəhərlər fonunda müharibə yeni mərhələyə keçir..."
Ukrayna mənbələrinin məlumatına görə, çərşənbə axşamı, dekabrın 23-də səhər saatlarından etibarən Rusiya Ukraynaya qarşı raketlər və kamikadze dronlardan istifadə etməklə kombinə edilmiş hava hücumu həyata keçirir.
Moderator.az xəbər verir ki, bu barədə fakty.ua nəşri məlumat yayıb.
Enerji infrastrukturu yenidən hədəfdə
Məlumata görə, zərbələrin əsas hədəflərindən biri yenidən Ukraynanın enerji infrastrukturu olub. Bir sıra vilayətlərdə fövqəladə elektrik kəsintiləri tətbiq edilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirir ki, hücum təhlükəsi hazırda ölkənin bütün bölgələri üçün qalmaqdadır.
Rusiya qanadlı raketlər, "Shahed" tipli zərbə dronları və "Kinjal" aero-ballistik raketlərindən istifadə edib. Monitorinq kanalları hava məkanında çoxsaylı hədəflərin qeydə alındığını bildirir. Əhaliyə hava həyəcanı siqnallarını nəzərə almaq və təhlükə sovuşana qədər sığınacaqlarda qalmaq çağırışı edilib.
Partlayışlar, dağıntılar və itkilər
Ukrayna Energetika Nazirliyi hücumlar nəticəsində bir sıra bölgələrdə qəza xarakterli elektrik kəsintilərinin tətbiq edildiyini açıqlayıb. Bildirilir ki, təhlükəsizlik şəraiti imkan verdikdən sonra bərpa işlərinə başlanacaq. Fövqəladə kəsintilər Kiyev, Çerkassı və Dnepropetrovsk vilayətlərində tətbiq olunub, Ternopol və Xmelnitski şəhərlərində də işığın kəsildiyi barədə məlumatlar yayılıb.
Ternopol və İvano-Frankovsk vilayətlərində partlayışlar qeydə alınıb. Rovensk vilayətində ikimərtəbəli yaşayış binasına ziyan dəyib, yardımçı tikili məhv edilib, üç avtomobil zədələnib. İlkin məlumata görə, xəsarət alan olmayıb. Jitomir vilayətində hücum nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisi uşaqdır. Odessa vilayətində isə enerji, liman, nəqliyyat, sənaye və yaşayış infrastrukturu hədəfə alınıb, elektrik təchizatında fasilələr yaranıb.
Kiyevdə raket və ya dron qalıqları yaşayış binasının yaxınlığına düşüb, pəncərələr sınıb, bəzi mənzillərdə insanlar bloklanıb. Mer Vitali Kliçkonun sözlərinə görə, azı iki nəfər xəsarət alıb.
Xmelnitski vilayətində bir nəfərin həlak olduğu bildirilir. Kiyev vilayətinin Vışqorod və Obuxov rayonlarında isə bir qadın həyatını itirib, daha üç nəfər, o cümlədən bir uşaq yaralanıb.
Rusiyada "Lukoyl"un kimya zavodunda yanğın
Ukraynaya hücumlarla eyni vaxtda Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən "Stavrolen" neft-kimya zavoduna dron hücumu edilib. Zərbədən sonra zavod ərazisində güclü yanğın başlayıb, alov şəhərin müxtəlif hissələrindən görünür.
Rəsmi açıqlamalarda konkret obyektin adı çəkilməsə də, açıq mənbələr və peyk görüntüləri hücumun məhz "Stavrolen" müəssisəsinə edildiyini göstərir. Zavod "Lukoyl" qrupuna daxildir və həmçinin Rusiya hərbi-sənaye kompleksi üçün istifadə olunan polimer materiallar istehsal edir.
Müharibənin qiyməti
Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, Rusiya bir genişmiqyaslı hücum zamanı 360 milyon dollardan artıq vəsait xərcləyir. Ukraynalı hərbçilər bildirirlər ki, bu məbləğlə yüzlərlə məktəb və uşaq bağçası, onlarla su təmizləmə stansiyası tikmək mümkün olardı. Onların fikrincə, Kreml bu vəsaiti mülki infrastrukturu dağıtmaq və əhalini qorxutmaq üçün sərf edir.